Qaradağ rayonu Lökbatan qəsəbəsində qanunsuz ət kəsimi məntəqələri bağlanıb.
Yenicag.az-ın xəbərinə görə, Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Qaradağ rayonunda reyd keçirib. Reyd zamanı Lökbatan qəsəbəsi ərazisində qanunsuz fəaliyyət göstərən ət kəsimi məntəqələri aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən qəssablara xəbərdarlıq edilərək, ərazidə quraşdırılan ət kəsimi avadanlıqları yığışdırılıb.
Agentliyin reyd keçirməsinə ət kəsimi məntəqələrinin sahibləri etiraz ediblər.
Qeyd edək ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edir.
Səid Qərib