Mediada dilçilik səhvləri: “Kim necə istəyir, elə də yazır”

“Dilin normalarının bu qədər sistematik və kobud qaydada pozulmasının açıq bilinən səbəbləri var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında xəbər saytlarında yol verilən orfoqrafik, qrammatik, leksik səhvlər barədə danışan “Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın xəbər saytlarını izləyərkən, onlarla orfoqrafik, qrammatik, leksik səhvlərlə qarşılaşırıq.

“Nə durğu işarələri yerli-yerində işlədilir, nə əməlli-başlı redaktə edilmiş materiallara rast gəlirik. Xəbər paylaşmağa tələsən saytlarda dilin qaydalarına əməl etmək barədə düşünən əməkdaşları gündüz çıraqla axtarıb, tapmaq müşkülə çevrilib. Kim necə istəyirsə, elə də yazır.

“Yararsız” sözünü “yarasız”, “tviteri” “tvitter”, “Beyləqan”ı “Beyləqn” kimi yazan onlarla media orqanı var. 2021-ci ildə işıq üzü görmüş “Saytların monitorinqi ilə bağlı hesabat” kitabının həcmi 600 səhifədən ibarətdir. Diqqətsizlik və tələskənlik səbəbindən baş verən səhvlərin sayı-hesabı bilinmir”, – deyə o qeyd edib.

İ.Rafiqoğlu əlavə edib ki, dilin normalarının bu qədər sistematik və kobud qaydada pozulmasının açıq bilinən səbəbləri var.

“Əgər internet dövründə yaşayırıqsa, deməli, bu dövrün tələblərinə və sürətinə uyğun olan sistemlər qurmalıyıq. 50 il öncəyə nəzər yetirsək, o vaxt dili dərindən bilən, qaydaları yerində tətbiq edən yüzlərlə redaktor vardı. Onların tələsmədən mətnləri kağız üzərində redaktə, düzəliş etmək imkanı vardı. Adətən materiallar bir redaktordan digərinə təkrar yoxlanmaq üçün ötürülərdi. Çapa yalnız yoxlanılmış yazılar verilərdi. O dövrün qəzetlərində hansısa orfoqrafik səhv tapmaq çətin məsələ idi. Kitablarda səhv aşkarlandıqda, bu barədə ora xüsusi bir arayış əlavə edilərdi. İndi hamı tələsir, xəbəri təcili verməliyik deyə, mətni nə diqqətlə oxumağa, nə də ciddi redaktə etməyə zaman yoxdur. Digər saytlarla rəqabət aparmaq üçün yazını elə üzdən oxuyub, internetə ötürmək lazım gəlir”, – deyə o bildirib.

O qeyd edib ki, digər ölkələrdə bu problemin qarşısını almaq üçün böyük işlər görülüb:

“Xüsusi imla yoxlayıcı sistemlər, saytlar yaradılıb. Mətndə ən azı orfoqrafik səhvlər aşkarlanır deyə, ingilis və ya rus dillərində yayılan xəbərlərdə belə tip yanlışlığa, demək olar, rast gəlinmir. Üslub qüsurlarını da göstərən platformalar var. Ən azı ofis proqramlarında olan imkanlar tez və keyfiyyətli işi ortaya qoymaq imkan verir.

Azərbaycan dilində olan mətnləri yoxlamaq üçün elə də böyük imkanlar yoxdur. Yəni “vord” proqramında səhvlər ortabab bir formada aşkarla bilər, bir də son dövrlərdə süni intellektin köməyi ilə səhvləri üzə çıxarmaq olur. Olan sistemlər də mükəmməl deyil. Bu sahədə hələ də qarışıqlıq var. Qaydanı tapa bilməyən jurnalist də özünün bildiyi kimi xəbəri hazırlayır, redaktor da tələsdiyindən diqqətlə oxumadan sayta ötürür. Əgər rus dilində “orfoqrafiyanı yoxla” sözünü axtarış sisteminə yazası olsaq, ən azı 10-15 resurs tapa bilərik. Eyni sözü Azərbaycan dilində yazanda, normal bir platforma tapmaq olmur”.

İsmayıl Bakuvi