Azərbaycanda oturuşmuş humanitar SİYASƏT: "Genişmiqyaslı amnistiya aktının qəbul edilməsi gözlənilən idi"

media-hightechnic-468x90

“Cəmiyyət üçün ciddi təhlükə yaratmayan, ağır cinayətlər törətməyən şəxslər barədə daha humanist yanaşma tətbiq olunur”.

Bunu prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü barədə danışan deputat Elman Nəsirov Yenicag.az-a açıqlamasında deyib. E. Nəsirov bildirib ki, bu dəfə qəbul edilən amnistiya aktı 20 mindən çox şəxsi əhatə edir:

“Sonuncu dəfə 2021-ci ildə, 8 Noyabr Zəfər Günü ilə əlaqədar prezident İlham Əliyevin imzası ilə amnistiya aktı elan edilmişdi. Həmin akt 17 min 200 nəfəri əhatə edirdi. Əhatə dairəsinə görə çox böyük amnistiya hesab olunurdu. Bu dəfə isə həmin rəqəm 20 mindən artıqdır.

Amnistiya kimləri əhatə edəcək? Burada ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması ilə bağlı proseslərdə iştirak etmiş şəxslər nəzərdə tutulur. Yəni proseslərdə bilavasitə iştirak edənlər, eləcə də Vətən müharibəsi və antiterror əməliyyatları zamanı həlak olmuş şəxslərin ailə üzvləri. Qadınlara həmçinin burada xüsusi yer ayrılıb.

Eyni zamanda, Ermənistanın ölkəmizə qarşı törətdiyi cinayətlər nəticəsində zərər çəkmiş və ya əlil olmuş şəxslərin ailə üzvləri və yaxınları da amnistiyanın tətbiq olunduğu kateqoriyaya aiddir. Həmçinin 60 yaşına çatmış və ondan yuxarı olan şəxslər də nəzərə alınır.

Cinayət törətmiş, lakin ictimai təhlükəlilik dərəcəsi aşağı olan şəxslər də bu siyahıya daxildir. Yəni cəmiyyət üçün ciddi təhlükə yaratmayan, ağır cinayətlər törətməyən şəxslər barədə daha humanist yanaşma tətbiq olunur.

Yetkinlik yaşına çatmayanlar və digər həssas kateqoriyaya aid olan şəxslər də amnistiya aktının tətbiq zonasına daxildir. Elə şəxslər var ki, onlara münasibətdə hələ azadlıqdan məhrumetmə cəzası tətbiq edilməyib və istintaq prosesi davam edir. Həmin şəxslərin ictimai təhlükəli olmadığı və ağır cinayət törətmədiyi müəyyən edilərsə, onlar məhkəmə hökmü olmadan belə azad edilə bilərlər.

Ümumilikdə, ilk mərhələdə təxminən 5 min nəfərin azadlığa buraxılması nəzərdə tutulur. Bundan əlavə, 3 min məhkumun cəzaçəkmə müddətinin azaldılması planlaşdırılır. Təxminən 7 min məhkumla bağlı azadlıqdan məhrumetmə ilə əlaqədar mövcud məhdudiyyətlər yenidən nəzərdən keçiriləcək. Həmçinin təxminən 4 min nəfər üzrə törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsi, cəzaçəkmə müəssisəsində davranışları, əxlaqi keyfiyyətləri, ailə vəziyyəti və digər amillər nəzərə alınmaqla onların azadlığa buraxılması və ya cəza müddətinin qısaldılması barədə qərarlar qəbul ediləcək.

Əsas məqam ondan ibarətdir ki, bu il ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır. Qələbəmizin beşinci ildönümünü qeyd edirik. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın 30-cu ildönümüdür. Məhz belə bir ildə genişmiqyaslı amnistiya aktının qəbul edilməsi gözlənilən idi”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa