Putindən açıq təhdid RİTORİKASI: "Bu, Rusiyanın vəziyyətini daha da çətinləşdirir"
“Putinin çıxışları daxili siyasətdə dominantlıq, beynəlxalq siyasətdə qorxutma və öz maraqlarını möhkəmlətmə məqsədilədir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsi fonunda Qərb ölkələrinin mövqeyi ilə bağlı sərt bəyanatlarla çıxış etməsinin hansı mesajları ehtiva etdiyindən danışıb&
“Əvvəla, daxildə mövqeyini gücləndirmək və siyasi opponentlərə qarşı mesaj vermək istəyir. Rusiya iqtisadiyyatı və sosial vəziyyət gərgin olduğu bir vaxtda sərt və aqressiv ritorika hakimiyyətin “güclü lider” imicini qorumağa yönəlir.
Bundan başqa, bu çıxışlar beynəlxalq arenada Rusiyanın mövqeyini qorumağa, digər dövlətləri hədələyərək öz maraqlarını təmin etməyə hesablanıb. Lakin bu, əslində, Moskvanın diplomatik izolyasiya olunmasına və iqtisadi sanksiyaların daha da dərinləşməsinə yol açır.
Putinin ritorikası həm də Ukrayna və Qərb ölkələrinə qarşı qorxutma taktikasından ibarətdir, amma bu, Rusiyanın real strateji üstünlüyünü artırmır. Əksinə, sərt bəyanatlar uzunmüddətli perspektivdə həm Rusiyanın imicinə zərər verir, həm də regiondakı stabilliyi təhdid edir.
Qısası, Putinin çıxışları daxili siyasətdə dominantlıq, beynəlxalq siyasətdə qorxutma və öz maraqlarını möhkəmlətmə məqsədilədir. Amma, əslində, Rusiyanın vəziyyətini daha da çətinləşdirir”.
Nəsimi Ələsgərli












