Qeyri-iş günlərində sərt karantin qaydalarının tətbiq olunması paytaxt sakinlərinin şəhərətrafına və rayonlara üz tutmasına səbəb oldu.
Bu da bir sıra yollarda sıxlıq və tıxac yaratdı. Sosial şəbəkələrdə yayılan fotolarda o da müşahidə olundu ki, tıxac zamanı isti havada maşında otura bilməyən insanlar yolun kənarına çıxaraq, bir araya gəliblər. Görüntülərdə kütləvilik müşahidə olunur ki, bu da virusun yayılması baxımdan karantinin tətbiqinin mahiyyətini azaltmış olur.
Eləcə də sosial şəbəkələri rayonlarda çəkilən fotoşəkillər “bəzəyir”.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, eləcə də sərt karantinin tətbiq olunduğu digər şəhər və rayonlara gediş-gəlişə məhdudiyyət mövcuddur. Belə olan halda, paytaxtdan kütləvi çıxış necə mümkün olub?
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, rayon qeydiyyatında olan şəxslərin paytaxtdan çıxmasına hansısa məhdudiyyət yoxdur:
“Bakı, Sumqayıt və Abşeron rayonunda qeydiyyatda olanların digər rayonlara getməsinə məhdudiyyət var. Gedənlərin böyük əksəriyyəti də rayon qeydiyyatında olan şəxslər olub. Deyilmişdi ki, gedib-gəlməyin. Burada məqsəd təmasların azadılmasıdır. Axı virus daşıyıcısı olan bir şəxs gedib bütün qohum əqrəbanı yoluxdurarsa, bir kəndə, bir rayonda görün nə qədər adam yoluxacaq. Ona görə bildirilib, əgər rayon qeydiyyatında olan şəxslərin iş yeri də oradadırsa, gedib, orada qalsın. Rayon qeydiyyatında olan, amma Bakıda işləyənlər isə sərt karantin rejiminin sonuna qədər yaşadığı və işlədiyi yerdə qalmalı idi. Amma buna baxmayaraq, kütləvi şəkildə rayonlara axın oldu. 3 gün əvvəldən Bakı, Sumqayıt, Abşeron, Lənkəran və Gəncədə yaşayan sakilərin olduqları inzibati əraziləri tərk etməsinə icazənin verilmədiyini bildirmişdik. Bu icazə yalnız iki halda, tibbi müalicə və müayinə məqasədilə tibbi göndəriş əsasında və yaxın qohumlarının dəfn mərasimində iştirakla bağlıdır. Bundan başqa fermer təsərrüfatı ilə məşğul olan və dövlət qurumlarında çalışanlar ezamiyyə vərəqəsi əsasında gedib-gələ bilərlər. Digər hallarda isə karantin rejimi yumşalandan sonra da 3 şəhər və bir rayona gediş-gəlişə məhdudiyyət hələ də qüvvədədir”.