!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhəmməd Əmin yadigarına BİGANƏ MÜNASİBƏT: "Rəis Rəsulzadə 75 illiyində də unuduldu..." - Millət vəkili

!Reklam – Yazi

“Rəis Rəsulzadə dəyərli və olduqca dəyərli şəxsiyyətdir. Yalnız ona görə yox ki, o, böyük mücahid və dövlətimizin qurucusu Məhəmməd Əmin bəyin nəvəsidir. Yalnız ona görə yox ki, o, çox böyük rəssamdır, yüksək zövqlü bir sənət adamıdır. Həm də ona görə ki, ömrünün gənclik çağlarında “xalq düşməninin” nəvəsi olaraq susduğu kimi indi də müstəqillik dövrünün hay-küyündə susmağı bacarır. O danışmır, arada dəyərli jurnalistlərimiz danışdıranda da ölçüsünü-biçisini itirmədən müdrik təvəzökarlığından uzaqlaşmır. O, hər şeyi deyir, ancaq incikliyini, sıxıntısını sətirlərin altında ağayana bir kübarlıqla ifadə edir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin 75 illik yubileyi ilə bağlı “Facebook” hesabından etdiyi paylaşımda qeyd edib.

Fazil Mustafa Rəsulzadə yadigarına biganə münasibətə kəskin münasibət ortaya qoyub:

“Qızım dedi ki, sənin yaşadığın əzabları mən də yaşamaq istəmirəm!” O əzab yalnızca illərlə sürgündə, zirzəmidəki emalatxanada yaşananlar deyildi, o əzab yalnızca illərlə qürurunu sındırmadan gündəlik qarın çörəklə yetinərək sənətini və nəslin adını yaşadarkən çəkdikləri deyildi. O əzab həm də unudulmaq qorxusu idi. Bu unudulmaqda nə qədər ağrı, acı olsa da, həm də bir sevinc vardı, çünki arada izləyənlər də zirzəmidə yoxa çıxmış bu varlığı unudaraq öz işlərinə başlarını qatırdılar və ona yaşamaq fürsəti verirdilər.

Məhəmməd Əmin bəyin son yadigarı olan yaşayan iki nəvəsindən biri Rəis Rəsulzadə 75 illiyində də unuduldu. Elə 70 illiyində də unudulmuşdu. Söhbət hansısa addan, ziyafətdən, medaldan, ordendən getmir. Sadəcə Azərbaycan dövləti adından verilən salamdan gedir. Keçmişə salam verməyən dövlətlər gələcəyə də salamlarını unudurlar. Böyük bir qələbə qazanmışıq. İnanın ki, o qələbəyə Azərbaycanda bəlkə də ən çox sevinən, o qələbənin havası ilə yaşayan Rəis Rəsulzadədir. İndi bizi xalq olaraq, millət olaraq böyütməyən, dəyişdirməyən, müdrikləşdirməyən o qələbədən sonra keçmişə Allahın salamını və xoş kəlamını göndərmiriksə, göndərə bilmiriksə, o halda, bəlkə, keçmişə salam verməyi unudan xalqın yazı kopyalayanı doğru deyir ki, heç Birinci Qarabağ savaşı da yerli-dibli olmayıb. Keçmişə salam verməyi unudanda 200 ilə yaxındır sadəcə erməni obrazında görünən onlarla düşmənlə Vətən torpağı uğrunda qan tökmüş minlərlə şəhid də, qazi də, represiya qurbanları da, mart, yanvar, fevral soyqırımları da, yüzillik Cumhuriyyət davamız da, və ən sonda hər biri ayrıca bir tarix olan şəxsiyyətlər də beləcə unudulacaq. Unudulanlardan biri də gözümüz önündə ömrünün əzablarla, çilələrlə dolu 75 yaşına varmış Rəis bəy Rəsulzadədir.

Yubileyin qutlu olsun Rəis bəy! Tanıdığım ən aristokrat insan! Unutmayanlar üçün yaşamanı, yaratmanı, tələbələr yetişdirməni çox istəyirəm. Üzrümü və salamımı qəbul edin!”

www.yenicag.az

723
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv