İƏT Zirvə görüşü Qarabağda: Sülh, inkişaf və diplomatik ZƏFƏRƏ DOĞRU
Son illərin qürurverici hadisələrindən biri də işğaldan azad edilmiş torpaqlarımızın beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilməsidir.
İndiyə qədər Şuşada, Xankəndidə, Suqovuşanda və Şərqi Zəngəzurda mühüm əhəmiyyətli beynəlxalq tədbirlər, musiqi festivalları, sərgilər, idman yarışları keçirilib. Həmin tədbirlərdə dünya ictimaiyyətinin diqqəti Qarabağa, Şərqi Zəngəzura yönəlib. Dünya birliyi bir daha “Qarabağ Azərbaycandır!” reallığının şahidi olub. Bir neçə gün əvvəl Qarabağ, Xankəndi yenə də diqqət mərkəzində idi. Azərbaycanın dilbər guşəsi – Xankəndi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi edirdi. Qardaşlar bu dəfə Xankəndiyə toplaşmışdı. Bu, mühüm əhəmiyyətli tədbirdə dost və qardaş ölkələrin dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin rəhbərlərinin Xankəndiyə səfəri şəhərin beynəlxalq arenada əhəmiyyətini bir daha dünyaya bəyan etdi. Zirvə görüşü Xankəndinin həm də regional və beynəlxalq əməkdaşlıq üçün mühüm bir platforma olduğunu göstərdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Tanınmış hüquqşünas deyib ki, Xankəndinin nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi bütün Qarabağ regionu, eləcə də Şərqi Zəngəzur üçün yeni bir dövrün başlanğıcıdır. Bu tərəqqi iqtisadi canlanma və investisiyanın cəlbi ilə yanaşı, beynəlxalq əlaqələrin, o cümlədən əməkdaşlığın gücləndirilməsi və digər sahələrin daha da inkişafı üçün əlverişli imkanlar yaradır. Xankəndinin İƏT Zirvə görüşü kimi əhəmiyyətli tədbirlərə qucaq açması şəhəri regional və beynəlxalq dialoq, əməkdaşlıq və tərəfdaşlıq üçün mühüm bir mərkəzə çevirir. Bu, gələcəkdə digər beynəlxalq tədbirlərə də ev sahibliyi etmək üçün zəmin yaradacaq.
Xankəndiyə baş tutan yüksək səviyyəli səfərlər və görüşlər, Azərbaycanın regionda sülh və sabitliyə verdiyi töhfəninin göstəricisidir. Bu görüşdə iştirak edən dövlət və hökumət başçılarının Füzulu Beynəlxalq Aeroportunda qəbul edilməsi işğaldan azad edilmiş ərazilərimizin sürətli inkişafının göstəricisidir. Qarabağda keçirilən belə tədbirlər müxtəlif ölkələr arasında mədəni və diplomatik əməkdaşlığı daha da genişləndirəcək, Qarabağı sülh və qardaşlıq körpüsünə çevirəcək. Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının, nazirlərin, İƏT-in müşahidəçilərinin, qeyri-üzv dövlətlərdən xüsusi qonaqların, iqtisadi inkişaf və rifaha nail olmaq üçün beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı hər bir qarabağlı, azərbaycanlı üçün böyük şərəf və qürurdur!
Ç.Qənizadə 2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında İƏT-in IX və XII Zirvə görüşlərinin Bakıda keçirildiyini xatırladaraq deyib ki, 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu nüfuzlu tədbir Azərbaycanın postmüharibə dövründə yaratdığı reallıqların, inkişafın dünyaya növbəti təqdimatı idi. Azad olunmuş ərazilərin bərpası, qısa müddət ərzində regionun ən inkişaf etmiş bölgələrindən birinə çevrilməsi burada təşkil olunan beynəlxalq tədbirlər vasitəsilə dünyaya ciddi mesajlar verir. Hüquq müdafiəçisi Azərbaycan 1992-ci ildən İƏT-in üzvü olduğunu bildirib. 2020-ci ilə qədər ölkəmiz bu platformadan işğala məruz qalan tərəf kimi reallıqları dünya ictimaiyyətinə çatdırırdı. Bir beçə gün əvvəl isə dünya Xankəndidə keçirilən 17-ci Zirvə görüşü vasitəsilə bu reallıqların şahidi oldu.
Hüquq müdafiəçisi Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışından bəzi məqamları diqqətə çatdıraraq deyib ki, dövlətimizin başçısının çıxışına “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” müraciəti ilə başlaması hər bir azərbaycanlının qəlbində qürur hissi yaratdı. Otuz il davam edən işğaldan sonra Azərbaycan Bayrağının Qarabağda, o cümlədən Şuşada, Xankəndidə dalğalanması, həmçinin bu gün bu torpaqlarda dost, qardaş, müttəfiq ölkələrin dövlət bayraqlarının Azərbaycan Bayrağı ilə birlikdə dalğalanması Qarabağdan, Şərqi Zəngəzurdan dünyaya mühüm mesajların verilməsidir. Dövlətimizin başçısı ECO-nun Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası olduğunu vurğulayıb. Prezident qeyd edib ki, indi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük qayıdış” proqramı uğurla icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir. Ölkə başçısı keçən ay İƏT-in İstanbulda keçirilmiş Nazirlər Şurasında bütün 57 üzv ölkənin yekdil qərarı ilə Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin qəbul olunmasını yüksək qiymətləndirdiyini bildirib.
“Azərbaycan İƏT-in tədbirlərində həmişə fəal iştirak edib. Zirvə görüşündə iştirak edən dövlət başçıları tədbirin yüksəksəviyyədə təşkil oldunduğunu bildiriblər. 2026-cı ilin Şuşa şəhərinin İƏT-in Turizm paytaxtı elan edilməsi iqtisadi sahədə əməkdaşlığı daha da dərinləşdirmək baxımından 17-ci Zirvə görüşündə müzakirə edilmiş məsələlər xüsusi əhəmiyyət kəsb edib”, – deyə Ç.Qənizadə bildirib.