MEK əyani xidməti yenidən bərpa edir

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası oktyabr ayının 15-dən etibarən oxucularına əyani xidməti yenidən bərpa edir.

Bu barədə Yenicag.az-a kitabxanadan məlumat verilib.

Oxucuların kitabxana daxilində rahatlığı üçün bütün şərait yaradılıb, hər mərtəbədə karantin qaydalarına uyğun xüsusi oxu zalları təşkil olunub.

Kitabxanada lazımi qabaqlayıcı tədbirlər də həyata keçirilib. Ümumilikdə MEK əməkdaşlarının 98%-i, xüsusilə MEK-in Xidmət şöbəsində çalışan bütün işçilər özlərinin və oxucuların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak ediblər. MEK tam heyəti ilə oxuculara xidmət etməyə hazırdır.

Kitabxanaya giriş COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı ilə mümkün olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, MEK-də oxucular üçün kitabxana fəaliyyəti pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin mart ayında dayandırılmış və fəaliyyətini onlayn şəkildə həyata keçirirdi.