Avstraliya İttifaqının Sidney şəhərində keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresində (BAK) Azərbaycanı təmsil edəcək Milli Elmi Komandaya üzv olacaq tələbələrin, alimlərin cəlb edilməsi üzrə hazırlıqlar uğurla tamamlanıb.
Azərbaycan Kosmik Agentliyindən (“Azərkosmos”) Yenicag.az-a bildirilib ki, layihə “Azərkosmos”un “KOSMİK Akademiya”sı, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin “SABAH qrupları” layihəsi və Azərbaycan Milli Aviasiya Akademiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.
Milli Elmi Komanda layihəsi “KOSMİK Akademiya”nın əsas təşəbbüslərindən biri olaraq 4500 tələbə, 1000 gənc alim və 100 alim üçün genişmiqyaslı elmi dəstək proqramını həyata keçirib. Layihə çərçivəsində Azərbaycan üzrə 14 universitetdə silsilə informasiya sessiyaları təşkil edilərək, elmi məqalə yazma və təqdim etmə mövzusunda iştirakçılara ətraflı təlimlər keçirilib.
Bu il ilk dəfə tətbiq edilən Mentorluq Proqramı çərçivəsində iştirakçılara layihə və onun məqsədləri, elmi abstraktların hazırlanması və qiymətləndirilməsi prosesi, elmi məqalələrin mövzu seçimi və qeydiyyat qaydaları haqqında ətraflı məlumat verilib. Bu proqram tələbələrin və gənc alimlərin elmi yazı bacarıqlarını inkişaf etdirmək və Beynəlxalq Astronavtika Konqresinin “Tələbə və Gənc Alimlər Proqramı”nda (SYP) daha fəal iştiraklarını təmin etmək məqsədini hədəfləyir.
Beynəlxalq Astronavtika Konqresi, kosmos sahəsindəki ən son yeniliklərin nümayiş etdirildiyi, 200-dən çox elmi-texniki və interaktiv plenar sessiyaların olduğu, dünyanın müxtəlif ölkələrindən alimlərin və mütəxəssislərin bir araya gəldiyi mühüm bir platformadır. BAK tarixində tədbirə iki dəfə ev sahibliyi etmiş Azərbaycanda sözügedən Konqresin “Tələbə və gənc alimlər proqramı”nda (SYP) tələbələrin və gənc alimlərin elmi məqalələrlə fəal və davamlı iştirakının təşviq edilməsi qərara alınıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, “SABAH qrupları” Dövlət Proqramı və “Azərkosmos”un birgə yaratdığı Konsorsium tərəfindən Azərbaycan Milli Elmi Komandası təsis edilib.
Milli Elmi Komanda 2023-cü il üzrə Bakı konqresində 214, 2024-cü il üzrə 345 elmi məqalə ilə azərbaycanlı tələbələrin və gənc alimlərin konqresdə iştirakını təşviq edib. Beləliklə, Bakı konqresində 82, Milan konqresində 52 tələbə və gənc alimdən ibarət Milli Elmi Komanda yüksək elmi nəticələr göstərib.
Milli Elmi Komanda cari ilin 29 sentyabr–3 oktyabr tarixlərində keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresinə tələbə və gənclərdən ibarət yeni heyət hazırlayır. Milli Elmi Komanda layihəsinin hədəflərində 2026-cı ildə Türkiyənin Antalya şəhərində keçiriləcək 77-ci Beynəlxalq Astronavtika Konqresində də azərbaycanlı tələbələr və gənc alimlərdən ibarət heyətin fəal iştirakını təmin etməkdir.
76-cı Beynəlxalq Astronavtika Konqresində Azərbaycan elmi ictimaiyyətinin yüksək səviyyədə təmsil olunması, ölkəmizin kosmik tədqiqatlar, innovasiyalar, rəqəmsallaşma, kosmik diplomatiya və müdafiə sənayesi potensialının insan kapitalına yatırım aspektindən beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək
www.yenicag.az