Milyardlarla dolları “yuyan” Zaur Balayev yaxalandı

Yüz milyardlarla rubl pulu (milyardlarla dollar) “Master-bank” üzərindən “yuyan” Ruslan Barkovski (o, həm də Zaur Balayevdir) Polşadan Rusiyaya ekstradisiya olunub.

Yenicag.az xəbər verir ki, Barkovski-Balayev neçə vaxtdır beynəlxalq axtarışda idi. Lakin indi onu hələlik başqa əməlinə görə tutublar. İstintaq hesab edir ki, Barkovski Çeçenistan başçısının Ukraynadakı keçmiş səlahiyyətli nümayəndəsi Ramzan Sitsullayevin təşkil etdiyi adam oğurluğunda onunla əlbirdir.

Hazırda keçmiş səlahiyyətli nümayəndə həbsdədir və barəsindəki cinayət işinin materialları ilə tanış olur. İttiham aktına əsasən cinayətin bütün epizodlarında o, Barkovski ilə əlbir olub. Əməliyyatçılar Barkovskini nə zamansa yaxalayacaqlarından əllərini üzmüşdülər. O, uzun müddət Avropa ölkələrinin birindən digərinə keçib, müxtəlif familiyalar yazılan pasportlardan istifadə edib. Barkovskinin Azərbaycan pasportunun da olduğu bildirilir.

2017-ci ildə Barkovski Rusiyanın sorğusu əsasında Avstriyada həbs olunub, amma tezliklə iri girov əvəzində azadlığa buraxılıb. Ekstradisiya prosesi isə uzanıb. Gözlənilmədən 2019-c ilin yazında Barkovski Polşaya gedib və orada İnterpol tərəfindən həbs edilib. Varşava onun Moskvaya təhvil verilməsi haqda qərar verib, ekstradisiya bu günlərdə baş tutub.

İstintaqın versiyasına görə Ruslan Barkovski “Delta Key” ödəmə sisteminin sahibi Andrey Novikovla sıx əlaqədə olub, Novikovun işgüzar partnyoru isə Əli Zakriyev idi. Onların hər üçü pulların qanunsuz nəğdləşdirilməsi sxemini qurublar. Əməliyyatlardan birində 100 milyon rubl “yoxa çıxıb”, Novikov həmin pulları Zakriyevin əkişdirdiyini düşünüb. Lakin Çeçenistan sakini Zakriyevin güclü arxası olduğu üçün ona bata bilməyib. Bu zaman köməyə Barkovski gəlib. O, Sitsullayevin cangüdənlərinin köməyi ilə 2014-cü ildə küçədə Zakriyevi və cangüdənini oğurlayıb. Onları iki gün mənzildə saxlayıblar, sonra “Zolotoe koltso” otelinə aparıblar və orada Zakriyev Sitsullayevin hüzurunda borcu etiraf edib, ödəməyə söz verib.

Daha sonra hüquq-mühafizə orqanlarına şikayət edib, adam oğurluğuna görə Novikovu və Sitsullayevin cangüdənini tutublar. Sitsullayev isə axtarışa verilib, 2017-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti onu tutub və Rusiyaya deportasiya edib.

Hüquq-mühafizə orqanlarındakı mənbələr deyirlər ki, Barkovski xəyalət-adam hesab edilə bilər. Onun hansı familiya ilə doğulduğu hələ də məlum deyil. Rusiyada ilk dəfə 1990-cı ilərdə Zaur Balayev kimi peyda olub. Lakin başqa familiyaların yazıldığı pasportu da vardı. Dəqiq məlumdur ki, bu adam Rusiya, Ukrayna, Azərbaycan və İspaniya pasportları daşıyır./Virtualaz.org/