“Kristal”ın qoçu dəstəsi: Vətəndaşlara gün verib, işıq vermirlər - ŞİKAYƏT
“Kristal” şirkətinin “Park Yasamal” layihəsində qoçu dəstəsi fəaliyyət göstərir, oradan mənzil alan vətəndaşlara qarşı kobud davranırlar.
Yenicag.az AFN.az-a istinadən xəbər verir ki, bu barədə həmin yaşayış kompleksindən mənzil alan Mirqasımov Nicat bildirib.
Vətəndaş mənzilin deyilən vaxta hazır olmadığını deyir: “2024-cü ilin mayında ilkin ödəniş edib mənzil almışam. Mənə deyilib ki, mənzil tam təmirli formada 2025-ci ilin 3-cü rübündə təqdim ediləcək. Lakin həmin vaxtda çatmadı, dedilər dekabra çatacaq, o da olmadı, deyirlər çatdıra bilmirik. Belə başa düşürəm ki, heç 2026-nın yanvarına da alınmayacaq. Çünki mənzilə baxış keçirməyə, işlərin hansı mərhələdə olduğunu öyrənməyə imkan vermirlər”.
N.Mirqasımovun sözlərinə görə, təxminən 1 ay əvvəl mənzilinə baxmaq üçün kompleksə yaxınlaşsa da, ona icazə verməyiblər: “İçəri girmək üçün satış ofisinə yaxınlaşıb kağız almaq lazımdır. Mən yaxınlaşanda nahar vaxtına düşmüşdü, dedilər gözlə, gözləməyə başladım. Amma gördüm ki, başqa insanlar gəlir mühafizə ilə öpüşüb-görüşür keçir içəri, nə kağız alırlar, nə başlarına kaska taxırlar, hətta yanlarında uşaq olanlar da vardı, mən çəkmişəm görüntüləri. Belə olanda mən də keçdim içəri, Anar, Yaşar, Elnur adlı 3 nəfər yaxınlaşdılar, dedilər gedək kaska verək. Təhlükəsizlik otağına gələndə isə kaska verməkdən imtina etdilər. Onların kobudluğuna cavab olaraq mən də etiraz edib içəri girdim. Bundan sonra aranızda mübahisə yarandı. Dedim mənzil mənimdir, girib baxmağa icazə verilməlidir, hamıya eyni münasibət göstərilməlidir. Anar adlı şəxs dedi ki, mənzil sənin deyil, bina bütünlükdə mənimdir, sən burada heç kimsən. Guya onları təhqir etmişəm deyib polisə müraciət etdilər, polis də araşdırdı gördü ki, məndə günah yoxdur”.
N.Mirqasımov dünən təzədən mənzilinə baxış keçirmək üçün şirkətə yaxınlaşsa da, bu dəfə də ona icazə verilməyib: “Bu gün (dünən-red.) yenidən mənzilimə baxış keçirməyə getdim. Mənə dedilər ki, siz burda problem yaratmısız, rəhbərlik tərəfindən sizin evə girməyinizə qadağa qoyulub. Təsəvvür edin, hazırda ipoteka ödəyirəm o mənzilə, amma qadağa qoyulub girə bilmirəm. Rəhbərlik deyə Yaşar adlı bir nəfərin nömrəsini veriblər, o da deyir mən rəhbər deyiləm, yığma məni. Soruşuram ki, rəhbər kimdir? Cavab verir ki, bilmirəm, get, tap. Bir rəhbər işçi, bir başbilən yoxdur bunların içində, ancaq sakini alçaldıb artıq əskik hərəkət edirlər. Qoçu dəstəsi yığıblar ora”.
Şikayətçinin qeyd etdiyi Yaşar adlı şəxs AFN.az-a açıqlamasında bildirdi ki, orada layihə rəhbərinin müavini vəzifəsində çalışır: “Bizdə mənzillərə buraxılış icazə kağızı ilədir. Mənzil alan vətəndaşlar yaxınlaşırlar satış ofisinə, ordan buraxılış kağızı alırlar, o kağız mühafizə xidmətinə təqdim olunur, oradan vətəndaşa kaska verilir, sonra mənzilə baxmağa gedir. Həmin sakin də keçən dəfə nahar vaxtı gəlib buraxılışsız əraziyə daxil olub, biz də onu qaydaya uyğun olaraq çıxartmışıq, ona görə də mənzilə buraxılmır. Mənzilin təhvil verilmə vaxtına gəldikdə, vətəndaşın müqaviləsində bu öz əksini tapıb”.












