Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

MİQ-MİQ: Təhsil Nazirliyi Koyote rolunda - Aqil Bəkir yazır

Son həftənin ən çox müzakirə edilən mövzularından biri də müəllimlərin işə qəbulu imtahanları (MİQ) ilə bağlı baş verənlərdir. Çoxsaylı etirazlardan sonra Təhsil Nazirliyi bəlli tarixli imtahan seanslarında iştirak etmiş namizədlərə “texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə” əlavə balların veriləcəyini və təkrar imtahan imkanının yaradılacağını açıqladı. Bu, müəllimlərin həmrəyliyindən doğan nəticə idi ki, alqışlanmalıdır.

Lakin bu dəfə məsələnin iki fərqli tərəfinə toxunmaq istəyirəm:

1. MİQ imtahanlarının Təhsil Nazirliyi yox, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilməsi;

2. Müəllim namizədləri aşağılayan Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi (TİPİM) sədri Nəzakət Mehdiyevanın üzr istəməsi.

Birinci punkt üzrə əsas qeyd edilməli məsələ DİM tərəfindən keçirilən imtahanlarda mütləq olmasa da, şəffaflığın təmin edilməsi, yaranan problem və qüsurların imtahan verənlərin xeyrinə həll olunmasıdır. Bəs, görəsən, TN müəllimlər etiraz səslərini ucaltmasaydılar, yenə də eyni şeyi edəcəkdimi? Nəticədə nazirliyin “texniki fərqlilik” adlandırdığı şey neçə müəllimin ümidini qıracaqdı. Buna görə də MİQ imtahanları imtahan keçirmə üzrə ixtisaslaşmış DİM-ə həvalə edilməlidir.

Təbii, burada bir şeyi də demədən keçə bilməyəcəm. Hər dəfə qeyd etdiyim kimi, yenə də xatırlatmaqda yarar var ki, DİM tərəfindən müvafiq imtahanlarda abituriyent və bakalavrlara “ikinci şans”ın verilməsinin qəti əleyhinəyəm. Bu, əlavə problemdir. Çünki universitetlərin kadr hazırlığı səviyyəsi ortadadır və ali məktəblərin tam şəkildə dolması, boş yerlərin qalmaması, nəticə etibarilə ali təhsil müəssisələrinin gəlirlərin artmasına hesablanmış bu qayda savadsızlığı artırmaqla yanaşı, böyük kütlənin əmək bazarına axınına səbəb olur ki, bu da sonda TN kimi qurumların qəsdən (!) işə qəbul zamanı haqsızlıq edib neçə gəncin işsiz qalmasına gətirib çıxarır.

Keçək ikinci məsələyə. Yəqin, hər kəsin xəbəri var. TİPİM sədri Nəzakət Mehdiyeva, “Bunlardan müəllim olmayacaq, elə bunlar yaxşı ki, kəsilirlər”, – deyərək MİQ imtahanlarında sualların çətin salınmasına haqq qazandırmağa çalışıb, müəllim namizədləri aşağılayıb.

Hadisələr zənciri bununla da yekunlaşmayıb. Səsin yayılmasına səbəbkar mərkəz əməkdaşını işdən kənarlaşdırdığı deyilən Nəzakət Mehdiyevanın bu addımı təkəbbürünə yenilmiş davranışdır. Hər halda, müəllim namizədlər TİPİM sədrindən quru da olsa, üzr gözləyirlər. Ümid edirəm ki, Nəzakət Mehdiyeva davranışının yanlış olduğunu qəbul edəcək və lazımi addımı atacaq.

Hə, onu da əlavə etməliyəm ki, bu hadisə başqa bir ölkədə baş versəydi, səsin yayıldığı ilk andan etibarən həmin şəxs istefa ərizəsini yazardı. Bu da başqa bir mədəniyyətdir.

*

O ki qaldı, MİQ-MİQ-ə… Bu situasiyada nədənsə, Koyote və Roadranner cütlüyü yadıma düşdü. Roadranner bu dəfə də Koyotenin əlindən son anda qurtulmağı bacardı.

www.yenicag.az

346
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100