ANS Şirkətlər Qrupu Prezidentinin müşaviri Mais Məmmədov bu gün mətbuatda MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin ANS televiziyasının 6 milyonu təyinatı üzrə xərclənmədiyi və bu səbəbdən MTRŞ milli televiziya filmlərinin çəkilişi ilə əlaqədar ANS televiziyasına maliyyə yardımını dayandırması ilə bağlı səsləndirdiyi iddiaya münasibət bildirib
ANS PRESS Mais Məmmədovun fikirlərini təqdim edir:
“Sözün düzü, Nüşirəvan Məhərrəmlinin müsahibəsi məni təəccübləndirdi. Doğrusu mənim üçün də çox maraqlıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Kino və Serialların inkişafı üçün ayırdığı vəsaitlər hara və hansı məbləğlərdə xərclənib… Elə bütün hay-küy də bizim MTRŞ-a bu sualla müraciətimizdən sonra başladı. İş orasındadır ki, Prezidentin 4 Aprel 2013 il sərəncamı ilə dövlət büdcəsindən 6 mln. manat vəsait ayrılıb və Nuşirəvan Məhərrəmlinin dediyinə görə “hər bir özəl televiziya kanalına 1 milyon manat vəsait ayrılmışdı…”, lakin ANS yalniz 320 min manat alıb. Ups… Hörmətli Nuşirəvan müəllim, bəlkə Sizə yanlış məlumat verirlər? Hər halda biz ANS olaraq həmin məbləğə “Fatma” Serialının 32 seriyasını çəkmişik və çəkilişlərə də davam edirik.
Ümumiyyətlə bu cür qərəzli, təhqiramiz və heç bir faktlara əsaslanmayan müsahibələri Nuşirəvan müəllim son vaxtlar tez-tez verir. Mən bir ağsaqqal kimi, deməliyəm ki, Moskva Dövlət Universitetinin məzunu, Dövlət məmuru ifadələrində daha etik və məsuliyyətli olmalıdır. ANS-ə qarşı bu cür ifadələrə və əsassız qərarlara görə biz hətta MTRŞ-nı məhkəməyə vermişik və yeri gəlmişkən udmuşuq.
Anlamıram bu tələsik və yoxlanılmayan müsahibə nəyə lazım idi? Axı son nəticədə siz məsuliyyət daşıyacaqsınız. Müsahibənizin əvvəlində deyirsiniz ki, “ANS televiziya kanalı həmin vəsaitlərin xərclənməsi məsələsində bir sıra ciddi nöqsanlara yol verib”, dərhal sonra bildirirsiz ki, “Yəni ANS televiziyası sənədlərin hazırlanmasında nöqsanlara yol verib”? Oxucular anlaya bilmir: “vəsaitlərin xərclənilməsi məsələsində”, yoxsa “sənədlərin hazırlanmasında nöqsanlara yol verib”? Bu iki ifadə arasında çox böyük fərq var… Ya deyirsiniz ki “ANS televiziya kanalı həmin vəsaitlərin xərclənməsi məsələsində bir sıra ciddi nöqsanlara yol verib”, sonra da özünüz özünüzü təkzib edib deyirsiniz ki, “pul mənimsənilməsi faktını biz müəyyən edə bilmərik.” Sonda isə ciddi qanunvericilik əsasında fəaliyyətini qurmalı olan məmur deyir ki “Bizim bu məsələ ilə bağlı şübhələrimiz olduğu üçün ANS telekanalına pul yardımını dayandırdıq.” Şübhələr??? Şübhələr əsasında Mötəbər Dövlət Qurumunun Qərarı??? Ölmədim bu günü də gördüm.
O ki, qaldı bizim fəaliyyətimizdə “mənimsəmə faktları” ifadəsini işlətməklə Şirkətimizin işgüzar nüfuzunu zərbə altına qoyduğunuza, bax buna görə mütləq cavab verməli olacaqsınız.
Aşağıda isə oxucularımıza hörmət əlaməti olaraq bir neçə vacib və məsələyə aydınlıq gətirə biləcək sənədləri açıqlayırıq. Bu bir daha sübüt edir ki, ANS həmişə olduğu kimi şəffafdır və Azərbaycanın Müstəqillik tarixi və güzgüsü olan ANS-ə ləkə yapışmaz.
Milli Televiziya və Radio Şurasının Sədri
cənab Nuşirəvan Məhərrəmliyə
Hörmətli, Nüşirəvan müəllim!
Sizin tərəfinizdən göndərilən 13 may 2014-cü il tarixli 111/G saylı məktubunuzda qeyd olunan məsələlərin izahına keçməzdən əvvəl fürsətdən istifadə edərək bir daha cənab Prezidentə Milli Televiziyamızın inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə təşəkkürümüzü bildiririk. Məhz bu dəstəyin sayəsində biz “Ağabəyovlar”, “Fatma”, “Xoca” kimi seriallar çəkə bildik. “Xoca”-nın film versiyası isə bir sıra kinofestivallarda nümayiş etdirildi, milyonlarla tamaşaçı bu filmə yalnız kinoteatrlarda tamaşa etdi. Azərbaycanın ən böyük probleminin uğurlu bədii həlli heç kimi biganə qoymadı. Biz bu uğuru məhz cənab Prezidentin qayğısının nəticəsi tək qəbul edirik. Eləcə də ölkənin digər televiziyalarının getdikcə artan keyfiyyətlə çəkdiyi seriallar ondan xəbər verir ki, dövlət başçısının yerli telekanallara olan etimadı əsassız deyil və biz bu ümidi bundan sonra da doğrultmağa çalışacağıq.
İndi isə Sizin xərclərin dövrü ilə əlaqədar bizə tutduğunuz iradlarla əlaqədar aşağıdakıları nəzərinizə çatdırmaq istərdik.
Azərbaycan Respublikasının Prezidenti 05 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında 2830 nömrəli Sərəncam imzalamışdır. Həmin Sərəncam ilə Milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat ayrılmışdır. Əlavə olaraq, Sizin rəhbərlik etdiyiniz Şura tərəfindən 05 aprel 2013-cü il tarixdə həmin pul vəsaitlərinin ayrılması ilə əlaqədar 04/1 saylı qərar qəbul edilmişdir.
Bunları nəzərə alaraq, Biz may ayından etibarən “Fatma” serialının çəkilişinə başlamışıq. Serialın çəkilişi daha çox yaz, yay aylarında həyata keçirilməsi zəruriliyi olduğundan, həmin serialın çəkilişini payız və qış aylarına saxlaya bilməzdik. Belə olan halda serial öz keyfiyyətini və əsas süjet xəttini itirərdi. Digər tərəfdən bu serialın çəkilişinə bir çox yaradıcı heyət cəlb olunmuşdur. Əlavə olaraq, serialın çəkilişinə təkcə Azərbaycanlı rejissor, montajçı, operatorlar və digər mütəxəssislər deyil, hətta xarici mütəxəssislərdə öz əməyini sərf ediblər. Onların əməyinin ödənilməsi üçün isə pul vəsaiti xərclənib. Milli Televiziya və Radio Şurası tərəfindən pul vəsaitləri həmin dövrdə ayrılmadığından, biz həmin vəsaiti digər ehtiyaclar üçün sərf etmək yerinə (Məsələn hal hazıradək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə peyk vasitəsi ilə yayımı həyata keçiririk), göstərilən şəxslərin xidmət haqlarını və serialın hazırlanmasına tələb olunan digər xərcləri həyata keçirmişik. Yəni bu il üçün avadanlıqlar alınması üçün nəzərdə tutduğumuz vəsaiti Prezidentin sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün məhz seriala yönəltmişik. Ona ümidlə ki, MTRŞ bizə vəsait ayıracaq.
Belə bir addımın atılmasında Azərbaycan qanunvericiliy ilə yol verilən öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü prinsipini də nəzərə aldıq.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
Ən başlıcası isə onu qeyd etmək istərdik ki, hamı bilir ki, televiziya məkanında sentyabr və oktyabr ayları mövsümün əvvəli kimi hesab və qəbul olunur. Bu isə o deməkdir ki, Prezidentin Sərəncamının preambula hissəsində qeyd olunan məsələlərin təmin edilməsi üçün, biz serialı həmin müddətə çatdırmalı idik. 10 oktyabr 2013-cü il tarixdə isə Milli Televiziya və Radio Şurası ilə 19 saylı müqavilə bağlandı və müqavilə üzrə Bizim Şirkətə ilkin olaraq 120000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaiti ayrıldı. Buna görə Sizə öz təşəkkürümüzü bildiririk.
Məsələnin digər tərəfi də odur ki, müqavilənin 4.2-ci bəndinə əsasən Resipiyent (yəni bizim Şirkət) tərəfindən təqdim edilmiş hesabatlara uyğun olaraq donorun müəyyənləşdirdiyi məbləğdə ikinci ödəniş (ümumi məbləğin 50 %-i) həyata keçirilir. Həmin hesabat 2013-cü ilin dekabr ayında MTRŞ-yə təqdim ediləndən və qəbul olunandan sonra, 24 dekabr 2013-cü il tarixdə Bizim hesaba 200000 (iki yüz min) manat köçürülmüşdür. Elə həmin hesabatda MTRŞ-nin məktubunda qeyd edilən nöqsanlar öz əksini tapmışdır. Bir daha Sizə öz təşəkkürümüzü bildiririk.
Xahiş edirik yuxarıda qeyd olunanları nəzərə alasınız və məktubda qeyd etdiyiniz məsələlərin sübutu kimi göndərdiyimiz hesabatın qəbul edilməsi üçün göstəriş verəsiniz.
www.yenicag.az