Moskvaya geri addım atdıran SİYASİ İRADƏ: "İlham Əliyevin bu məsələdə nümayiş etdirdiyi qətiyyət həlledici idi"

media-hightechnic-468x90

“Putinin Düşənbədə səsləndirdiyi “kompensasiya ödəniləcək və günahkarlar cəzalandırılacaq” bəyanatı İlham Əliyevin prinsipial xəttinin nəticəsidir”.

media-turan_rzayev

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

Politoloq Düşənbədə keçirilən Azərbaycan və Rusiya prezidentlərinin görüşünü şərh edib:

“Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında uzun zamandır gözlənilən təkbətək görüş nəhayət baş tutdu. Görüş təkcə iki lider arasında münasibətlərin temperaturunu ölçmək üçün deyil, həm də Rusiya–Azərbaycan əlaqələrinin gələcək trayektoriyasını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyırdı. Ən önəmli məqam, təbii ki, AZAL təyyarəsinin qəzaya uğraması fonunda yaranan gərginliyin danışıqlara necə təsir edəcəyi idi. Görüş zamanı Vladimir Putinin açıqlamaları kifayət qədər diqqət çəkdi. Kreml başçısı AZAL-ın təyyarəsinin qəzaya uğramasını digər məsələlərlə yanaşı, Ukraynaya məxsus pilotsuz təyyarənin səmada olması ilə əlaqələndirib. Rusiya prezidenti dəqiqləşdirib ki, faciə günü Moskva Rusiya sərhədini keçən üç Ukrayna pilotsuz təyyarəsini aşkarlayıb. O bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb.”

Rzayev Rusiya rəhbərinin qəzada zərərçəkmişlərin təzminatı məsələsinə dair Putinin fikirlərinə də toxunub:

“Putin görüşdə AZAL-ın təyyarə qəzasında həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı verib. Deyib ki, Rusiya hadisə ilə bağlı bütün cavabdeh şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcək və təzminat ödəmək üçün lazım olan hər şeyi edəcək. Əslində, Putinin səsləndirdiyi fikirlər Azərbaycan tərəfinin hadisənin ilk günlərindən etibarən tələb etdiyi məqamlar idi. Bakı qəzadan dərhal sonra olayın şəffaf araşdırılmasını, hüquqi qiymət verilməsini və zərərçəkənlərə təzminat ödənilməsini açıq şəkildə gündəmə gətirmişdi. Rusiya tərəfi uzun müddət bu məsələni texniki müstəviyə salmağa, məsuliyyəti yumşaltmağa çalışırdı. Lakin Azərbaycan tərəfinin ardıcıl, soyuqqanlı, lakin prinsipial davranışı Moskvanın mövqeyini dəyişməyə məcbur etdi”.

Politoloq İlham Əliyevin Rusiya – Azərbaycan münasibətlərinə həlledici həmləsinin uğurla başa çatdığını diqqətə çatdırıb:

“Prezident İlham Əliyevin bu məsələdə nümayiş etdirdiyi qətiyyət həlledici idi. O, faciəyə emosional deyil, dövlət məsuliyyəti və beynəlxalq hüquq müstəvisindən yanaşdı. Bakı hadisəni nə siyasi manipulyasiya vasitəsinə çevirdi, nə də onu regiondakı gərginliklərin fonunda ritorik təzyiq elementi kimi istifadə etdi. Əksinə, Azərbaycanın mövqeyi başından bəri konkret idi: bu, texniki qəza yox, nəticələri olan real hadisədir və ona görə də məsuliyyət daşıyan tərəf hüquqi addım atmalıdır. Putinin Düşənbədə səsləndirdiyi “kompensasiya ödəniləcək və günahkarlar cəzalandırılacaq” bəyanatı məhz bu prinsipial xəttin nəticəsidir. Rusiya faktiki olaraq hadisəyə dair Azərbaycan tərəfinin irəli sürdüyü əsas tezisləri qəbul etdi. Əgər Bakı bu məsələdə emosional və qeyri-sabit mövqe nümayiş etdirsəydi, Moskva hadisəni “texniki səhv” kontekstində bağlamağa nail ola bilərdi. Amma ölkə başçısının sakit, lakin sərt diplomatik tərzi, qarşı tərəfi arqumentlərlə üz-üzə qoydu. Bu mənada Bakı Rusiya–Azərbaycan münasibətlərinin gələcəyində sürprizə imkan vermədi”.

Rusiya tərəfinin qəzanın nəticələrinin aradan qaldırılması yolunda lazimi addımlar atdığı üçün İlham Əliyevin Putinə etdiyi təşəkkürün vacibliyindən söz açıb:

“Ölkə başçısının usta diplomatik soyuqqanlı yanaşması Putinlə görüşdə də özünü bir daha göstərdi. Belə ki, Prezident İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib. Düşənbə görüşü Bakı–Moskva münasibətlərində tonun yumşaldılması istiqamətində ilk real addım kimi qiymətləndirilə bilər. Hadisə ətrafında formalaşan emosional gərginlik artıq rasional çərçivəyə keçib və dialoq kanallarının bərpası reallığa çevrilib. Bununla belə, münasibətlərin tam əvvəlki səviyyəyə qayıdacağını demək hələ tezdir.

Azərbaycan tərəfi üçün əsas məsələ təkcə faciəyə hüquqi qiymət verilməsi deyil, eyni zamanda etimadın bərpasıdır. Yaxın perspektivdə münasibətlərdə “kontrollu normallaşma” modeli müşahidə olunacaq. Yəni tərəflər əməkdaşlıq kanallarını açıq saxlayacaq, lakin Bakı ölçülü və riskləri əvvəlcədən hesablayan xəttini qoruyacaq. Nəticə etibarilə, Azərbaycan–Rusiya münasibətləri yeni mərhələyə daxil olur. Bu mərhələdə Bakı rasional davranacaq, hər jesti və bəyanatı strateji dəyərləndirəcək. Azərbaycan artıq regionda etimadını yalnız öz gücünə söykənərək formalaşdıran dövlətdir və Moskva ilə münasibətlərdə də bu yeni reallıq həlledici faktor olacaq”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa