Müsavatda “neçə nəfər istefa verib” müəmması…
Lyudmila Ağayeva: “Hazırda Müsavatda Məhəmməd Əmin Rəsulzadə ənənələrinə zidd olan bir proses gedir”
Vəfa Cümşüdlü: “Həbibə Bayramova və Ulduzə Hüseynavanın adı siyahıya özlərinin xəbəri olmadan salınıb”
Arif Hacılının başqan gəlməsindən üzü bəri Müsavat Partiyasından istefalar davam etməkdədir. Dünən Müsavatın Qadınlar Birliyinin 11 üzvü ərizə yazaraq partiyadan çıxdıqlarını bəyan ediblər.
Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz Lyudmila Ağayeva Yenicag.az-a açıqlamasında bildirdi ki, qurultaydan üzü bəri yaranmış vəziyyət onları istefaya getməyə məcbur etdi: “Müsavatın ilk qurucularından, Rəsulzadə ənənəsinə qulluq edənlərdən biriyəm. Amma partiyanın son qurultayından sonra orada olan haqsızlıq, ziyalıların oradan uzaqlaşdırılması mənə toxundu. Xeyli müddət səbr etdik. Amma partiyanın qaymaqları olan, Vurğun Əyyubun, Qadın Birliyinin sədri Ellada Məmmədlinin çıxarılması bizə pis təsir etdi. Hansı ki, onun rəhbərlik etdiyi dövrdə Müsavatda güclü, ziyalı bir Qadınlar Birliyi formalaşmışdı. Hazırda partiyada Məhəmməd Əmin Rəsulzadə ənənələrinə zidd olan bir proses gedir. Bütün bunların nəticəsi olaraq mən də daxil olmaqla 11 nəfər xanım partiyadan istefa verdik. Bütün 11 nəfər öz dəst xəttimi ilə ərizə yazaraq imza da atıb. Yəni kiminsə deməsi ki, burada adları çəkilən 11 nəfərdən 3-nün ümumiyyətlə xəbəri olmayıb, bu yalan informasiyadır. 11 nəfərin hər biri istefa verməklə bağlı özləri ərizə yazıblar”.
Müsavat Divanının üzvü Vəfa Cümşüdlü isə iddia edir ki, istefa verənlər 11 deyil, 8 nəfər olub: “Operativ məlumat almışıq ki, partiyadan istefa verən xanımların sayı 11 deyil, 8 nəfər olub. 2 nəfərin, Həbibə Bayramova və Ulduzə Hüseynavanın adı siyahıya özlərinin xəbəri olmadan salınıb. Onların istefadan ümumiyyətlə xəbərləri yoxdur. Ulduzə xanım hazırda rayonda yas mərasimindədir. Adı Suraxanı rayon təşkilatında hallanan Vəfa Əhmədovanın isə ümumiyyətlə partiya üzvü olmadığı məlum oldu. Yerdə qalanların yığışıb bəyanat verməsinə gəldikdə, bilirsiniz ki, Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli Xətai təşkilatından yalançı istefalar təşkil etdiyindən partiyadan qovuldu. Həmin zaman Məlahət Mürşüdlü də istefa vermişdi. Bu gün onların yenidən yığışıb iclas keçirməkləri nə nizamnamə, nə də heç bir qayda-qanuna uyğun deyil. MNTK-da Qadın Birliyinin buraxılması haqqında məsələ qaldırılmışdı. İstefa verənlər isə guya qabaqlayıcı addım ataraq buan gediblər. Onların Qadınlar Təşklatını buraxmaq səlahiyyəti yoxdur. Yaxın günlərdə məsələni tam aydınlaşdıracağıq. Tezliklə Qadınlar Birliyi bərpa olunacaq”.
Elçin