Paşinyanın təhlükəli manevri: Ermənistanda abort qadağasının siyasi hədəfi nədir?

media-hightechnic-468x90

 

Ermənistan hökumətinin, Baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə abortla bağlı mövcud qanunvericiliyi köklü şəkildə dəyişməyə hazırlaşdığı iddia olunur.

Yenicag.az xəbər verir ki, on illərdir qüvvədə olan normalar ləğv edilərək ölkə üzrə demək olar ki, tam abort qadağası tətbiq edilə bilər. Sözügedən qanun layihəsinin yaxın günlərdə parlamentə təqdim olunacağı bildirilir.

Müzakirə edilən dəyişikliklər “Şəxsin Reproduktiv Sağlamlığı və Reproduktiv Hüquqları haqqında” qanuna aiddir. Hazırkı qaydalara görə, qadınlar hamiləliyin 12-ci həftəsinədək abort etdirmək hüququna malikdir. 12–22-ci həftələr arasında isə bu yalnız tibbi və sosial əsaslarla – məsələn, həyat yoldaşının ölümü, həbsdə olması və ya zorlamaya məruz qalma kimi hallarda mümkündür. Yetkinlik yaşına çatmayanlar üçün valideyn razılığı tələb olunur. Qanunvericilik eyni zamanda böyüklərə könüllü tibbi sterilizasiya hüququ da tanıyır. Yeni layihə bütün bu müddəaları ləğv edərək, hamiləliyin süni şəkildə dayandırılmasını faktiki olaraq tamamilə qanunsuz elan etməyi nəzərdə tutur.

Demoqrafik böhran fonunda mübahisə

2002-ci ildə qəbul edilmiş sözügedən qanun uzun illərdir cəmiyyətdə müzakirə mövzusudur. İndi təklif olunan sərt dəyişikliklər isə ölkənin dərin demoqrafik böhran yaşadığı bir vaxta təsadüf edir. Rəsmi statistikaya əsasən, ümumi doğum səviyyəsi artıq uzun müddətdir ki, əhalinin özünü bərpa etməsi üçün tələb olunan həddən xeyli aşağıdır.

Abort məsələsində başqa bir həssas məqam da cinsiyyət seçiminə əsaslanan praktikalardır. Oğlan uşağına üstünlük verən ənənəvi yanaşma illərdir doğumlarda ciddi tarazsızlıq yaradıb. Bəzi irəliləyişlər olsa da, 2025-ci ildə hər 100 qız uşağına qarşı təxminən 110 oğlan uşağının doğulduğu qeyd olunur. Bu balansın uzun müddət belə qalacağı təqdirdə, gələcəkdə sosial problemlərin qaçılmaz olacağı vurğulanır.

Seçkilər ərəfəsində siyasi hesab

Hökumət abortun qadağan olunmasını “demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün zəruri addım” kimi təqdim edir. Paşinyan da son açıqlamalarında doğum səviyyəsinin artırılması üçün “köklü tədbirlərə” ehtiyac olduğunu deyib. Bununla belə, müstəqil analitiklər qanun layihəsinin zamanlamasına diqqət çəkirlər. Onların fikrincə, təşəbbüs 2026-cı ilin yayında keçiriləcək parlament seçkiləri ilə birbaşa bağlıdır.

Ekspertlər hesab edir ki, bu addım hakim partiyanın ənənəvi olaraq zəif dəstək aldığı mühafizəkar və dindar seçici qruplarına yönəlib. Məqsəd seçkilər öncəsi yeni elektorat toplamaq və mövqeləri möhkəmləndirməkdir. Gözləntilərə görə, qanun layihəsi həm hüquqi müstəvidə etirazlarla, həm də insan hüquqları təşkilatlarının sərt tənqidləri ilə üzləşəcək. Qadın sağlamlığı və şəxsi seçim azadlığı ilə bağlı narahatlıqlar artıq ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Parlamentdə səsvermənin yaxın həftələrdə keçirilməsi planlaşdırılır.

Amir Aqiloğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05