Muxtar Babayev: “Hər bir istehsalatda pozuntular olur” – Nazir Söyüdlüdəki şirkətə haqq qazandırmağa çalışır?

Hər bir istehsalatda pozuntular olur və onun aradan qaldırılmasına vaxt verilir. Pozuntuların aradan qaldırılması ilə yanaşı, yenidənqurma, yeni avadanlıq və texnologiyaların tətbiqi də vacibdir. XXI əsrdir və aztullantılı texnologiyalara üstünlük verilməlidir. Tələblərdən biri də yeni texnologiyaların tətbiqidir ki, bu zaman zərərli tullantılara yer olmamalıdır.

Yenicag.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, “Micon” şirkəti tərəfindən “Anglo Asian Mining” şirkətinə qısa, orta və uzunmüddətli planlar tövsiyə olunub. Şirkət rəhbərliyinə vaxt veriləcək ki, bunun üzərində çalışsınlar: “Onlar da müəyyən problemlərin olduğunu etiraf edirlər və bunların üzərində çalışmağa hazırdırlar. Bizim şərtimiz var. Onlar hansı müddətdə tələb və tövsiyələri icra edəcəklərinə dair öhdəlik götürməlidirlər. Bundan sonra şirkətin işinin bərpa olunması məsələsinə baxılacaq”.

Nazirin sözlərinə görə, şirkətin fəaliyyəti ilə bağlı monitorinqlər mütəmadi olaraq aparılacaq: “Bundan sonra yanaşmalar sərtləşdiriləcək. Əgər həftədə bir dəfə aparılırdısa, indi tez-tez yoxlamalar keçiriləcək. Şirkətlə yanaşı, nazirlik də nəzarəti gücləndirəcək”.

Xatırladaq ki, “Micon” Beynəlxalq Monitorinq Şirkəti Söyüdlü kəndində tullantıxana sahəsində apardığı monitorinqin nəticələrini bu gün kənd sakinləri ilə görüşdə təqdim edib. Görüşdə Söyüdlü kəndində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvərlər naziri Muxtar Babayev və komissiyanın üzvləri iştirak edib.