"Nargilə Residence"dən mənzil aldılar, peşman oldular: Sakinlərin ÇIXARIŞ, QARAJ DƏRDİ - ŞİKAYƏT
“Nargilə Residence” yaşayış kompleksinin sakinləri aldıqları mənzilin çıxarışını əldə edə bilmirlər.
Yenicag.az “Oxu.Az”a istinadən xəbər verir ki, sakinlər Bakının Xətai rayonunun Cavanşir küçəsi 6 ünvanında yerləşən, “Məkan” Məhdud Məsuliyyətli Müəssisə (MMM) tərəfindən inşa edilən binada yaşayış olmasına baxmayaraq çıxarışların təqdim olunmadığını iddia ediblər.
Sakinlər bildiriblər ki, illərdir borclarını ödəyib bitiriblər, lakin mülkiyyətə dair sənədi ala bilmirlər:
“Binanın 90 faizində yaşayış var. Buna baxmayaraq bizə verilən vədlərə əməl olunmur. Ödənişini uzun müddətdir yekunlaşdıran sakinlərin heç birinə çıxarış verilməyib. Aidiyyəti dövlət qurumundan bizə bildirildi ki, qeyd olunan ünvanda yaşayış binasının istismarına icazə alınması üçün sifarişçi “Məkan” MMM tərəfindən müvafiq orqana müraciət daxil olmayıb. Heç kimə təhvil-təslim aktı verilməyib. Təqdim olunmuş müqavilənin isə heç bir hüquqi əsası yoxdur”.
Binada hər şeyin biznesə çevrildiyini deyən sakinlər, qaraj ödənişlərinin bir gecədə iki dəfə artırılmasından da narazıdırlar. Əvvəl 50 manat olan aylıq ödəniş indi 100 manata qaldırılıb. Qarajın satış qiyməti isə sakinlərin büdcəsinə uyğun deyil.
Məsələ ilə bağlı sözügedən müəssisəyə ünvanlanan sorğu cavabsız qalıb. Qarşı tərəf mövqe bildirərsə, işıqlandırmağa hazırıq.













