29 oktyabr tarixində Naxçıvan Dövlət Tibb Kollecində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsinin qalibi olan “Healthy Life : Sağlam həyat tərzi forumları” adlı layihə çərçivəsində forum keçirilib.
Gənclərin Töhfəsi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimində Azərbaycan Dövlət Himnini səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumu giriş sözü ilə açan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov forumun gənclər arasında sağlam həyat tərzinin təşviqindəki rolunu dəyərləndirərək, “Bu forum, sağlam həyat seçimlərinin gənclər arasında yayılmasını təmin edən vacib bir platformadır,” deyə vurğulayıb.
Layihə və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova forumun mahiyyətini vurğulayaraq sağlam həyat tərzinin önəmini qeyd edib. “Bu kimi tədbirlər, gənclərimizin sağlam həyat tərzi ilə bağlı bilik və bacarıqlarını artırmağa, onların öz həyatlarında daha sağlam seçimlər etməsinə kömək edir,” deyə bildirib.
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev çıxışında sağlam həyat tərzinin fiziki və zehni sağlamlığa təsirlərini vurğulayıb. “Bu forum, gənclərimizə sağlam həyat tərzinə dair bilikləri qazandırmaq və onların bu sahədəki marağını artırmaq üçün əla bir fürsətdir,” deyə qeyd edib.
Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının mütəxəssisi Fatimə Yusifli çıxış edərək “Gənclərimizin sağlamlıq biliklərini artırmaq və onları sağlam həyat tərzi seçimləri etməyə təşviq etmək cəmiyyətimiz üçün böyük töhfədir,” deyə bildirib.
Naxçıvan MR Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva çıxışında “Gənclərimizin sağlam həyat tərzini mənimsəməsi və tətbiq etməsi bizim üçün önəmlidir,” deyə qeyd edib.
Forum çərçivəsində keçirilən panel müzakirələrində sağlam həyat tərzinin müxtəlif aspektləri, sağlam qidalanma, fiziki aktivlik və psixoloji rifah haqqında məlumatlar paylaşılıb. Dövlət Energetika Xidmətinin Elektrik stansiyaları və şəbəkələri şöbəsinin müdiri Miryunis Seyidov ekoloji təmiz və sağlam yaşayış mühitinin sağlamlığa müsbət təsirləri barədə məlumat verib.
Naxçıvan regional miqrasiya baş idarəsinin Miqrasiya rejiminə nəzarət bölməsinin rəisi Samir Sadiqov sağlam mühitin miqrasiya meyllərinə olan təsirləri haqqında danışaraq, “Sağlam həyat şəraiti insanları öz vətənlərində yaşamağa təşviq edir,” deyə qeyd edib.
“Aqrar Tədqiqatlar Mərkəzi”nin Tədqiqatlar departamentinin müdiri Pərviz Əliyev kənd təsərrüfatında sağlam qida istehsalı məsələlərini müzakirə edərək, “Sağlam qida təminatı sağlam həyat tərzinin əsasını təşkil edir və bizim də əsas hədəflərimizdəndir,” deyə qeyd edib.
Naxçıvan QTA-nin qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov ərzaq təhlükəsizliyi və sağlam qida seçimlərinin insan sağlamlığı üzərindəki əhəmiyyətindən bəhs edib.
Naxçıvan Dövlət Tibb Kollecinin direktor müavini Səidə Şahverdiyeva gənclədə sağlam həyat tərzinin formalaşması istiqamətində faydalı tövsiyələr edib.
Forumun sual-cavab sessiyasında iştirakçılar panelistlərə sağlam həyat tərzi ilə bağlı suallar ünvanlayaraq, sağlam qidalanma, fiziki aktivlik və psixoloji rifah mövzularında müzakirələr aparıblar. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkilib.
www.yenicag.az