Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 74F ünvanında fiziki şəxs Zaur Zakir oğlu İsmayılova məxsus “Ocean Fish” qida məhsullarının satışı mağazasında yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, yoxlama zamanı satışı həyata keçirilən “Лос”, “Puem”, “Мясо Cибирского Mедведя”, “Mясо Бобра”, “Деликатес Дичь”, “Mедведь” əmtəə nişanlı konservləşdirilmiş qida məhsullarının və “Kосули”, “Заица” əmtəə nişanlı kolbasa məhsullarının keyfiyyət və təhlükəsizliyini təsdiq edən idxal sağlamlıq aktının, həmçinin mənşə sənədlərinin mövcud olmadığı müəyyən edilib.
Eyni zamanda, məhsulların üzərində Azərbaycan dilində etiket məlumatlarının qeyd edilmədiyi məlum olub. Mağazada mənşəyi məlum olmayan qırmızı kürü, kolbasa və pendir məhsulları da aşkarlanıb.
Aşkar olunan fakt üzrə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və məhsulların satışı qadağan edilib. Eyni zamanda məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq məlumatlar toplanaraq hüquq-mühafizə orqanına göndərilib.
www.yenicag.az