Nüvə gərginliyində "Rusiya və Çin" faktoru: İran tələyə düşür?

media-hightechnic-468x90

“İran üçün vacib olan zənginləşdirmiş uranın ölkədən çıxarılması deyil, kimə təhvil verilməsidir.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva bildirib.

media-873ecbfd-01ea-4a39-888e-fe2b9bd8b6bf

Politoloq İranın zənginləşdirmiş uranın Amerikaya deyil, Rusiya və ya Çinə təhvil verilməsinin İran üçün daha məqbul sayıldığını diqqətə çatdırıb:

“Əslində, texniki və diplomatik baxımdan belə bir variant mümkündür. Hətta beynəlxalq praktikada bunun müəyyən nümunələri də mövcuddur. 2015-ci il nüvə sazişi dövründə İran zənginləşdirilmiş uranın bir hissəsini Rusiyaya göndərmişdi. Bu modelin əsas məqsədi İranın əlində yüksək səviyyəli nüvə materialının miqdarını azaltmaq və onun potensial hərbi istifadəsinin qarşısını almaq idi. Bugünkü reallıqda isə vəziyyət daha mürəkkəbdir. İran üçün zənginləşdirilmiş uranı birbaşa ABŞ-a təhvil vermək daxili siyasi baxımdan ciddi reputasiya itkisi kimi görünə bilər. Tehran daxilində bu addım “təslimçilik” kimi təqdim oluna və hakimiyyət daxilində əlavə təzyiqlər yarada bilər.
Lakin burada əsas məsələ uranın hansı ölkəyə göndərilməsi deyil, onun üzərində son nəzarətin kimdə olmasıdır.”

Y. Hacıyeva qeyd edib ki, Amerikanın əsas narahatlığı uranın üçüncü ölkəyə təhvil veriləcəyi təqdirdə müəyyən vaxt kəsimindən sonra yenidən İrana qaytarılma ehtimalı olmasıdır:

“Vaşinqtonun əsas narahatlığı ondan ibarətdir ki, zənginləşdirilmiş material gələcəkdə yenidən İranın nüvə proqramına qayıda və ya dolayı yollarla hərbi potensialın bir hissəsinə çevrilə bilər. ABŞ məhz buna görə sadəcə “daşınma” variantını kifayət hesab etmir. Vaşinqton ya materialın tam şəkildə zərərsizləşdirilməsini, ya da beynəlxalq və ya ABŞ nəzarəti altında saxlanılmasını istəyir. Digər mühüm məqam isə geosiyasi etimadsızlıq faktorudur. ABŞ hazırkı beynəlxalq şəraitdə nə Rusiyaya, nə də Çinə strateji nüvə təhlükəsizliyi məsələlərində tam etibar etmir. Ukrayna müharibəsi fonunda Moskva ilə münasibətlərin son dərəcə gərgin olması, Çinlə isə qlobal rəqabətin artması Vaşinqtonun belə bir ssenariyə ehtiyatla yanaşmasına səbəb olur.
Bir sözlə , Vaşinqton üçün əsas məsələ materialın coğrafiyası deyil, onun gələcəkdə İranın nüvə potensialına çevrilmə riskinin tam aradan qaldırılmasıdır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05