Tanınmış filosof, siyasi analitik Niyazi Mehdi 1992-ci ildən üzvü olduğu Müsavat partiyasının sıralarını tərk edib. “Qafqazinfo” xəbər verir ki, Müsavat başqanı İsa Qəmbərin Milli Strateji Düşüncə Mərkəzinin sədri seçilməsi məsələsinə mövqeyini öyrənmək istəyərkən N.Mehdi gözlənilməz cavab verib.
O, xeyli müddətdir ki, Müsavatla əlaqələrini tam kəsdiyini bildirib: “Bilirsiniz, mən xeyli vaxtdır Müsavatla əlaqələri kəsmişəm, deməli, onun üzvü də deyiləm. Sadəcə, bunu elan etməyi lazım bilməmişdim. Ancaq son zamanlar, xüsusi ilə siyasi gərginliklər vaxtı görürəm ki, siyasi kimliyimlə bağlı qeyri-müəyyənlik var və bu bəzən mənə problem yaradır. Məsələn, Zərdüşt Əlizadə bir müsahibəsində məni divan üzvü adlandırır, bəzi jurnalistlər mənə Müsavatın daxili mətbəxindən suallar verir”.
N.Mehdi fürsətdən istifadə edib, jurnalistləri bundan sonra Müsavatın daxili işi ilə bağlı ona hər-hansı sual ünvanlamamağa çığırıb: “Sizin sayt vasitəsi ilə elan etmək istəyirəm: əziz jurnalistlər, mən siyasi analitik olaraq qalıram, demokratiyaya xidmət etməkdə davam edirəm, ancaq nə vətəndaş cəmiyyəti sahəsındə, nə seçkilərdə və ümumiyyətlə heç bir sahədə praktiki siyasətlə məşğul olmuram. Ona görə də, əziz jurnalistlər, bir də mənə sualla Müsavatın siyasətini daxıldən bilən adam kimi müraciət etməyin. Çünki Müsavatın üzvü deyiləm ki, onun içində gedən müzakirələrdən də xəbərim olsun”.
Qeyd edək ki, Niyazi Mehdi milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edir. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olur. Dövri mətbuatda müntəzəm çıxış edir. İngilis dilindən elmi tərcümələri var.
Niyazi Mehdi 1992-cü ildən 2003-cü ilə kimi Müsavat Partiyasının konseptual məsələlər üzrə başqan müavini və divan üzvü olub.
www.yenicag.az