ABŞ prezidenti Malikinin getməsini İŞİD-dən qurtuluş yolu olaraq görür
ABŞ İŞİD qüvvələrini bombaladıqdan sonra gözlər Obamaya çevrilmişdi. Çünki bu “Amerika İraqa yenidən girəcəkmi” sualını meydana çıxarırdı. Lakin Obama həftəlik radio çıxışında bu məsələyə nöqtə qoydu: “ABŞ İraqın təhlükəsizliyini təmin edə bilməz. Biz sadəcə yardım edə bilərik. İraqda bir an öncə bütün xalqları birləşdirən və razı salan hökumət qurulmalıdır”.
Obama eyni zamanda “İŞİD problemini çözəcək olan ABŞ ordusu deyil, qanuni hökumətin qurulmasıdır” deyərək, Malikiyə də mesaj göndərdi.
Sünni ərəblərə “İŞİD Malikiyə qarşı tək vasitə olmamalıdır” deyən ABŞ prezidenti “Bu barbar terror təşkilatına qarşı bütün qruplar birləşməlidir. İŞİD-ın bu qədər sürətlə İraqda irəliləməsinin günahı İraq ordusundadır. Biz İraqdakı əməliyyatların nə qədər davam edəcəyini bilmirik. Bir neçə həftəyə bu problem həllini tapmayacaqdır.
“İraqın güclənməsi, haqqı pozulan milli azlıqların məmnun edilməsi zaman alacaq. İraq uzun bir layihədir. Mən istəsəydim belə İraqda əsgər saxlaya bilməzdim. Çünki İraq hökuməti istəmədi. İraq hökuməti sünni liderlərini hədəf almasaydı, onlara qarşı təzyiqlər göstərməsəydi, bizim əsgərlərimiz olmadan hər şey daha yaxşı olardı” deyən Obama sözlərini, “IŞİD-ın Suriya və İraqı əhatə edən bir “Xəlifəlik” qurmasına icazə verməyəcəyik. Lakin bölgədə partnyorlarımız bizimlə birlikdə hərəkət etsə mübarizəyə davam edə bilərik. Ancaq daha geniş çərçivədə baxdığımızda diqqət çəkmək istədiyim nöqtə bu; İraqın təhlükəsizliyini təmin etmənin mənim işimmiş kimi görünməsini istəmirəm “şəklində davam etdirdi.
ABŞ prezidenti son olaraq, xalqına “İraqda daha başqa bir savaşa sürüklənməyəcəyi” sözünü verdi.
Obama nə demək istədi?
Amerika Prezidentinin “İŞİD və İraq” çıxışı bir neçə nöqtəni özündə birləşdirir.
– Birmənalı şəkildə ABŞ yenidən “İraq cəhənnəmi”nə qayıtmaq istəmir. Bu səbəbdən də bölgəyə yenidən qayıtmaq əvəzinə hava hücumları ilə İraqı yenidən dizayn etmək istəyir.
– ABŞ İŞİD ilə bərabər Malikinin də getməsinə tərəfdardır. Malikinin İrana daha yaxın siyasət izləməsi Amerikanın maraqlarına uyğun deyil və onun artıq baş naziri istənilmir. Bu səbəbdən də, İraqdakı seçkilərin ardından İŞİD-ın İraqa geri dönməsi əslində Malikini devirmək planının tərkib hissəsi də sayıla bilər. ABŞ prezidentinin İraqla bağlı çıxışında İŞİD-dan daha çox Malikisiz hökumətin vacibliyini vurğulaması da bunu göstərir.
– Malikinin getməsini sadəcə ABŞ deyil, İraq parlamentində ikinci güclü şiə qrupu olan Müqtəda əs-Sədrin rəhbərlik etdiyi Əhrar Hərəkatı da istəyir. Sədr Malikiyə lazım olan dəstəyi verməyəcəklərini, lakin baş nazirin daxil olduğu Qanun Dövləti Koalisiyasının başqa namizəd irəli sürəcəyi təqdirdə qərarlarına yenidən baxılacağını bildirib. Yəni, Maliki məsələsində sünni qruplarla Sədr eyni mövqeni paylaşırlar-Obamanın istədiyi də budur: 328 deputatın təmsil olunduğu İraq Parlamentinin mütləq çoxluğunun dəstəklədiyi bir hökumətin qurulması ki, bu Maliki ilə mümkün görünmür.
– Obamanın “biz xilafətə icazə verməyəcəyik” sözləri ilə yanaşı İŞİD ilə mübarizədə davamlılığa müsbət yanaşmaması bölgənin gələcəyi üçün yeni bir problemin davam edəcəyini göstərir. Yəni, İŞİD qalacaq, lakin ABŞ İŞİD-ın özünə sərhəd çəkib, dövlətləşməsinə imkan tanımayacaq. Hətta Maliki məsələsi Amerikanın istədiyi kimi yekunlaşarsa, İŞİD İraqın Suriya sərhədlərinə qədər çəkilərək, öz mövcudiyyətini sərhəd səhra-çöl ərazilərində davam etdirəcək.
Görünən odur ki, İŞİD Amerikanın bölgədəki yeni dəyənəyi rolunu oynayacaq. ABŞ-ın çəkdiyi xəttdən kənara çıxan dövlətlər İŞİD problem ilə üzləşəcəklər…
Aqil ƏLƏSGƏR
www.yenicag.az