Moskva səfəri niyə fiyasko oldu? – “ABŞ Putinin beynəlxalq hüquqa zidd tələblərini qəsdən RƏDD EDİR”
“ABŞ beynəlxalq hüququ zədələyə biləcək prezidenti qəbul etmək istəmir.”
Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vıtkoffun Rusiyaya səfəri fonunda mümkün razılaşmalar barədə fikirlərini səsləndirib.
Politoloq bildirib ki, həmin səfərdən sonra mediada belə bir fikir formalaşıb ki, tərəflər razılığa gələ bilmirlər.
“Əslində, nə Vıtkoffun təklifləri Rusiya Prezidenti Vladimir Putini qane edirdi, nə də Putinin təklifləri Vıtkoffu. Daha doğrusu, Rusiyanın təklifləri ABŞ-nin, ABŞ-nin təklifləri isə Rusiyanın maraqlarına uyğun gəlmirdi. Çünki Ukrayna müharibəsinin əsas tərəfləri Rusiya və Amerika yox, Ukrayna və Rusiyadır. Bu səbəbdən Ukraynanın iştirak etmədiyi heç bir danışıqlar paketi real nəticə verə bilməz.
Hansısa ciddi nəticə əldə olunması gözlənilmir. Çünki Rusiyanın irəli sürdüyü təkliflərin böyük əksəriyyəti faktiki olaraq Ukraynanın geri addım atmasını nəzərdə tutur. Yəni Donetsk və Luqansk bölgələrinin Rusiyaya verilməsi, hətta Zaporojye istiqamətində yarımçıq qalmış ərazilərin də Rusiyaya təhvil verilməsi, Krımın ümumiyyətlə müzakirə mövzusu kimi qaldırılmaması və s. Bütün bunlar açıq şəkildə Ukraynanın güzəştə getməsi deməkdir.
Nə Ukrayna bunun üçün hazırdır, nə də ABŞ belə riski qəbul etməyə meyllidir. Çünki belə bir nəticə beynəlxalq hüququn pozulması anlamına gələr. ABŞ beynəlxalq hüququ zədələyə biləcək prezedenti qəbul etmək istəmir. Bu baxımdan razılaşmanın əldə olunması ehtimalı minimum səviyyədədir,” – deyə o bildirib.
Nəsimi Ələsgərli












