İsrail prezidenti İŞİD-lə hədələdi - Enerji siyasəti Əhməd Şaranı hədəfə çevirir?

media-hightechnic-468x90

 

Suriya prezidenti Əhməd Şara ABŞ şirkəti ilə ölkədə neft və qaz axtarışı üzrə əməkdaşlığı müzakirə etdiyi bir vaxtda, ABŞ Prezidenti Donald Tramp onun “çox güvəndiyi” bir lider olduğunu bəyan edib.

Yenicag.az xəbər verir ki, Əhməd Şara Qərb şirkətlərini Suriyaya cəlb etmə xəttini davam etdirir. O, paytaxt Dəməşqdə Suriya Neft Şirkəti (SPC) ilə ABŞ -ın “Chevron” şirkəti arasında keçirilən görüşdə iştirak edib. Görüşdə ölkənin qərb sahillərində yerləşən dəniz akvatoriyasında neft və təbii qaz axtarışı ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub, birgə kəşfiyyat işlərinin texniki, hüquqi və iqtisadi tərəfləri dəyərləndirilib.

İddiaya görə, məhz Suriyanın Qərb şirkətləri ilə enerji əməkdaşlığını genişləndirməsi İsraildə ciddi narahatlıq yaradıb. Bu fonda İsrail təhlükəsizlik qurumlarının İŞİD üzərindən Əhməd Şaraya qarşı mümkün suiqəsd ssenarilərini müzakirə etdiyi bildirilir.

İsrail Şaranı İŞİD ilə hədələdi

Suriyaın cənub-qərbindəki “tampon zona”da pozuntularını artıran İsrailin Əhməd Şaraya qarşı açıq şəkildə suiqəsd imasında bulunduğu bildirilir.

İsraildə yayımlanan “Kanal 14” televiziya kanalının xəbərinə görə, yüksək rütbəli israilli təhlükəsizlik rəsmiləri, “təhlükə” kimi gördükləri Suriya prezidenti Əhməd Şaraya qarşı suiqəsd variantını açıq şəkildə müzakirə ediblər.

Kanal 14-ə açıqlama verən həmin rəsmilər, Suriyada İŞİD-in yenidən güc qazanması ehtimalının yüksək olduğunu vurğulayaraq, Şaranın bu ssenariyə hazır olması gərəkdiyini bildiriblər. Bu açıqlamalar ekspertlər tərəfindən Dəməşqə ünvanlanan “dolayı təhdid” və “əba altından çomaq göstərmək” kimi dəyərləndirilir.

Daha əvvəl 3 suiqəsd cəhdi iddiası

Digər tərəfdən, İsrail mediasında bundan əvvəl də oxşar iddialar tirajlanıb. İyul ayında İsrailin tanınmış media qurumu “Yedioth Ahronoth” yazmışdı ki, Əhməd Şaraya qarşı üç dəfə suiqəsd cəhdi edilib, lakin bu cəhdlərin hər biri bölgədəki türk qüvvələri tərəfindən vaxtında qarşısı alınaraq uğursuzluğa düçar olub.

Məlumata görə, həmin cəhdlər Şaranın təhlükəsizlik protokollarının yenidən nəzərdən keçirilməsinə, Suriya rəhbərliyinin isə xarici təhlükəsizlik risklərinə daha həssas yanaşmasına səbəb olub.

Suriya türkmənlərindən olan təhlükəsizlik eksperti Hayati Alişiri Yenicag.az-a açıqlamasında məsələni belə şərh edib:

“İsrailin Şara ilə bağlı İŞİD vurğulu mesajı klassik ‘dolayı təhdid’ texnikasıdır. Açıq şəkildə “səni vurarıq” demirlər, amma İŞİD-in güclənmə ehtimalını qabardaraq, əslində iki mesaj verirlər: birincisi, Şaranın bölgədəki hərbi-siyasi manevr imkanlarını məhdudlaşdırmaq, ikincisi isə onun təhlükəsizlik mexanizmini davamlı təzyiq altında saxlamaq.

Türkiyə qüvvələrinin Şaraya qarşı iddia edilən suiqəsd cəhdlərini önləməsi haqda yayılan xəbərlər də regionda Ankara–Təl-Əviv–Vaşinqton üçbucağında gizli rəqabətin səviyyəsini göstərir. Bu cür məlumatlar həm daxili auditoriyaya, həm də regional güclərə siyasi mesaj daşıyan psixoloji əməliyyat elementidir.

Qısaca desək, burada təkcə bir liderə qarşı suiqəsd ehtimalından yox, enerji marşrutları, sərhəd təhlükəsizliyi və bölgədə kimin “son söz sahibi” olacağı üstündə gedən çoxşaxəli geosiyasi mübarizədən söhbət gedir”.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa