“190 ölkə ilə əlaqə” – Azərbaycanın ixrac coğrafiyası necə genişlənir?
“Bu, bütün ölkələrin əsas hədəflərindən biridir. Azərbaycanın göstəriciləri həmin sahə üzrə də kifayət qədər yaxşıdır.”
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

O, dünya iqtisadiyyatında Azərbaycanın mövqeyindən danışıb.
Deputat bildirib ki, dünyada neft və qaz hasil edən ölkələrin büdcəsində bu sahədən gələn gəlirlərin əsas payı təşkil etməsi tendensiyası formalaşıb.
“Qəribə görünür, bəs nə olmalıdır? Kimin nəyi varsa, əsas pay sahibini də o təşkil edir. Yeraltı sərvətlər, qiymətli və rəngli metallar iqtisadiyyatın əsas dayağına çevrildikdə digər sahələrin inkişafı geri qala bilər. Bu da təbii olaraq iqtisadiyyatda müəyyən fəsadlar yarada bilər.
Lakin Azərbaycanda vəziyyət fərqlidir. Azərbaycanda çoxşaxəli inkişaf həyata keçirilir. Məsələn, 2026-cı ildə qeyri-neft sektorunun büdcədəki payının 57 faiz civarında olacağı proqnozlaşdırılır. Yəni Azərbaycanın büdcə gəlirlərinin 57 faizi qeyri-neft sahələrindən formalaşacaq. Bu isə normal və müsbət prosesdir.
Hazırda dünyada iqtisadi inteqrasiya olmadan istehsal həyata keçirmək mümkün deyil. Heç bir ölkə təkbaşına tam istehsal prosesini təmin edə bilmir. İstehsalda idxal və ixrac əməliyyatları qarşılıqlı şəkildə aparılır. Hər hansı məhsul istehsal olunursa, onun komponentləri müxtəlif ölkələrdən idxal edilir. Bu səbəbdən dünya iqtisadiyyatı bir-biri ilə sıx bağlıdır.
Azərbaycanın xarici ticarət əlaqələri də genişdir. Dünya üzrə 190 ölkənin böyük əksəriyyəti ilə Azərbaycan ticarət münasibətləri qurub, öz məhsullarını ixrac və idxal edir. Bu əlaqələr şaxələndirilib. Azərbaycanın ixrac etdiyi əsas məhsullar bir istiqamətə deyil, müxtəlif regionlara yönəlib. Yaxın Şərq, Afrika, Mərkəzi Asiya, Şərqi Avropa və qonşu ölkələrə ixrac edilən məhsullara baxdıqda görürük ki, istiqamətlər kifayət qədər genişdir.
Neft və qaz ixracı da müxtəlif istiqamətlər üzrə həyata keçirilir. Eyni zamanda, qeyri-neft məhsullarının da ixrac coğrafiyası genişlənir. Yanaşı olaraq, Azərbaycanda birgə müəssisələrin yaradılmasına, xarici investisiyaların cəlbinə xüsusi diqqət yetirilir. Bu, bütün ölkələrin əsas hədəflərindən biridir. Azərbaycanın göstəriciləri həmin sahə üzrə də kifayət qədər yaxşıdır.
Bir sözlə, Azərbaycanın bugünkü vəziyyəti, dünyada baş verən iqtisadi proseslərlə müqayisədə, tamamilə normaldır,” – deyə o bildirib.
Nəsimi Ələsgərli












