“Azərbaycanda tətbiq olunan təhsil proqramları şagirdlərdə nəzəri və praktik bacarıqların formalaşdırılmasına yönləndirilmir”.
Bu fikirləri PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatının 2022-ci il üzrə nəticələrində Azərbaycanın göstəricilərinin aşağı olmasının səbəblərini şərh edən təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, COVID-19 pandemiyası dövründə məktəblərin qapalı qalması, eyni zamanda, rəqəmsal cihazlardan səmərəsiz istifadə və asılılıq şagird nailiyyətlərinə mənfi təsir edib:
“PISA-2006 beynəlxalq qiymətləndirmə proqramının əsas mərhələsində iştirak edərkən bu bilik yarışında şagirdlərimizin çox yüksək nəticə göstərəcəklərini gözləmirdik.
Bunun əsas səbəbi ölkədə tətbiq olunan təhsil proqramlarının şagirdlərdə nəzəri və praktik bacarıqların formalaşdırılmasına yönəldilməməsi, təhsil prosesi iştirakçılarının beynəlxalq qiymətləndirmə təcrübəsi ilə tanış olmamasıdır.
Lakin bu addım beynəlxalq tələb və standartları mənimsəmək, şagird və müəllimlərimizi, təhsil ictimaiyyətini bu proseslə tanış etmək, şagirdlərimizi psixoloji cəhətdən həmin bilik yarışına hazırlamaq və təcrübə qazanmaq baxımından çox faydalı oldu.
Bu proqramda iştirakın nəticəsidir ki, artıq dərs vəsaitlərimizdə nəzəri bacarıqları inkişaf etdirən qiymətləndirmə nümunələrinə geniş yer verilir, summativ qiymətləndirmə vasitələrinin böyük əksəriyyəti həmin tələblər əsasında tərtib edilir. Azərbaycanın PISA-2022-nin nəticələri üzrə göstəriciləri 2018-ci ilə nisbətən aşağı olsa da, MDB ölkələri arasında 3-cü yerdədir”.
Nuray Məmmədzadə
www.yenicag.az