Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat həyata keçirilib. Belə ki, daxil olan məlumat əsasında keçirilən tədbir zamanı paytaxt sakinləri Elnur Rəsulov və Rüfət Orucəliyev tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, onların Nəsimi rayonunda yerləşən kirayədə qaldıqları evə baxış zamanı idman çantasının içərisində narkotik vasitələr olan 959 qram tiryək, 14, 712 qram heroin, 34 qram marixuana, 1, 696 qram psixotrop maddə olan metamfetamin və iki ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma zamanı bu şəxslərin narkotik vasitələri “Rais” adlı şəxsiyyəti istintaqa məlum olmayan bir nəfərdən satmaq məqsədi ilə aldıqları məlum olub. E.Rəsulov və R.Orucəliyev İran vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə mütəmadi olaraq əlaqə saxlayıblar.
Saxlanılan şəxslər ifadələrində qeyd ediblər ki, narkotik vasitələri “Rais”in tapşırığı ilə paytaxtın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan “Whatsapp” vasitəsi ilə həmin yerlərin şəklini çəkib ona göndəriblər. Onlayn yolla narkotik sirafiş verən şəxslər pulları müxtəlif yollarla E.Rəsulov və R.Orucəliyevə çatdırandan sonra onlar əldə etdikləri maddi vəsaitləri “Rais”in göndərdiyi bank kartlarına köçürüblər.
Nəsimi RPİ əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Elman Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində 20.632 qram heroin aşkarlanıb. Onun Binəqədi qəsəbəsində yerləşən evinə baxış zamanı
5 kiloqramdan 35 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən hır 3 şəxs tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davan etdirilir.