Pakistanda ulu öndərin xatirəsinə turnir keçirilib
Pakistanın Xayber Paxtunxva əyalətinin Abbotabad şəhərində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.
Turnirin finalında “Peşəvar” və “Mansehra” komandaları qarşılaşıblar. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin şöbə müdiri Vüqar Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, Pakistandakı səfirliyimizin əməkdaşları, Xayber Paxtunxva əyalətinin informasiya və təhsil naziri Muştaq Qani Əhməd, əyalət hökumətinin və parlamentinin üzvləri, jurnalistlər və çoxlu sayda idman həvəskarı final görüşünə baxıblar.
Gərgin keçən qarşılaşmada qələbə qazanan “Peşəvər” komandası turnirin qalibi olub. Finalçılara kubok və mükafatlar təqdim edilib.
Muştaq Əhməd Qani çıxışında Azərbaycandan gələn nümayəndə heyətini salamlayaraq qardaş ölkələrimiz arasındakı münasibətlərdən danışıb. Natiq ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasında müstəsna xidmətlərindən, qarşılıqlı əlaqələrin inkişafındakı əvəzsiz rolundan danışıb. O, bildirib ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsi Pakistanda həmişə əziz tutulur.
(gun.az)