Partiya sədri: “Müsavat faktiki olaraq parçalanıb”- Özəl
Tahir Kərimli müxalifətin durumunu şərh edir
Azərbaycanda müxalifət günü-gündən daha zəif bir duruma düşür. Onların xilası üçün bu günə qədər dəfələrlə müxtəlif cəhdlər edilsə də, müxalifət hələ ki, ancaq sosial bazasını itirməkdə, daha da kiçilməkdədir.
Yenicag.az saytına açıqlamasında müxalifətdəki ümumi vəziyyətlə bağlı danışan Vəhdət Partiyasının sədri Tahir Kərimli hazırki müxalifəti AXC-nin rudimenti, yəni qalığı kimi xarakterizə etdi: “Amma müəyyən qədər müxalifətçilik meylləri də ortadadır. Ancaq hazırda müxalifət sosial bazasını itirib və təşkilatı cəhətdən dağıdılmış bir vəziyyətdədir. Ümumi formada xarakterizə etsək, müxalifət hazırda, vaxtilə hakimiyyəti əldən verib, sonra qalib gələ bilməyən və hədsiz zəifləmiş, özlərinin imicini bərpa etmək uğrunda cəhdlərdə bulunan təşkilatlar yığınağıdır. Həm də müxalifət müəyyən diskussiya klublarını xatırladan birliklərdə birləşib və parçalanmış vəziyyətdədir. Onlar hazırda hakimiyyətdən çox, bir-birilərini hədəf götürən bir duruma düşüb”.
T. Kərimli rəhbərlik etdiyi təşkilatın isə mətbuatla yaxşı işləyə bilmədiyindən zəif göründüyünü diqqətə çatdırdı: “Vəhdət partiyası da əvvəllər müxalifət birlikləri və proseslərdə var idi. Ona görə də tez-tez adımız hallanırdı. Açığını deyək ki, Müsavatla AXCP müxalifətin ən böyük təşkilatları olsa da, onlar da öz potensiallarına görə deyil, keçmiş adlarına görə mövcuddur. Biri əski Müsavatın, digəri də hamımızın birlikdə yaratdığı AXC-nin varisidir. İndi isə müxalifət bütövlükdə dağınıq, zəifləmiş haldadır. Müxalifətdə ancaq iki partiya özünü güc bəla ilə saxlayır. Qalanlarında isə güclü aşınma hiss olunur. Vəhdət də bundan kənarda deyil. Ona görə də düşünürəm ki, proporsional seçki sisteminin tətbiqi partiyaların inkişafına təkan verə bilər. Vəhdət partiyasının ofisi, işçiləri var, təşkilatı proseslər gedir. Siyasi Şura, sədr aparatı işləyir. Ancaq buna baxmayaraq, görünür mətbuatla yaxşı işləyə bilmirik. Ona görə də zəif görünürük. İndiki vəziyyətdə, müxalif partiyalar, müəyyən qədər xarizmatik, krental tipli, yəni bir şəxsin nüfuzu ətrafında birləşən təşkilatlardır. Müsavat Partiyasında İsa Qəmbərin getməsilə təşkilat daxilində hansı proseslərin cərəyan etdiyini görürsünüz. Demək olar ki, bu partiya iki yerə bölünüb, çoxlu aşınmalar var. Siyasi instrument, hakimiyyət aləti kimi müxalif partiyalar öz funksiyasını itirmiş haldadır. Bir sıra müxalif təşkilatlar da var ki, onların sədrlərinin həyatdan köçməsilə həmin partiya ümumiyyətlə tarix səhnəsindən silinir. Ölkədə 54 siyasi partiya qeydiyyatdan keçib. Amma onların az qala 40-dan çoxu işləmir, ümumiyyətlə görünmürlər. Belə partiyalar ya məhkəmə qaydasında, ya da öz qurultaylarını keçirməklə buraxılmalıdır. Bunların heç biri olmadığından formal olaraq mövcuddurlar. Adı olub, özləri olmayan təşkilatlar əslində siyasi partiyaların inkişafına əngəl olur. Elə partiyalar da var ki, cəmi bir neçə nəfər üzvü var, amma mətbuatla mütəmadi olaraq işlədiklərindən, onların səsi hətta bəzi böyük partiyalardan daha gur çıxır. Təşkilatımızda bir çox strukturlar fəaliyyət göstərir. Bir partiya kimi mövcuduq. Amma ancaq liderdən ibarət onlarla partiya var ki, onların səsi mətbuatda daha çox çıxır. Bu da Azərbaycan siyasi həyatının anormallığıdır”.
Rüfət/Yenicag.az