Avropa Rusiya ilə müharibə üçün GÜN SAYIR: “Hər iki nəfərdən biri…”
Fransız “Le Grand Continent” jurnalı üçün “Cluster 17” platformasının keçirdiyi yeni sorğu, Avropada Rusiya ilə müharibə qorxusunun nə qədər ciddi həddə çatdığını ortaya qoyub.
Yenicag.az xəbər verir ki, Avropa İttifaqının 9 ölkəsindən – Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa, Portuqaliya, Xorvatiya, Belçika və Niderlanddan – ümumilikdə 9 min 553 nəfər respondent sorğuda iştirak edib.
Vətəndaşlara verilən əsas sual belə olub:
“Sizcə, önümüzdəki illərdə Rusiya ölkənizlə müharibə apara bilər?”
Cavablar göstərib ki, iştirakçıların yarıdan çoxu, yəni 51 faizi, qarşıdakı illərdə öz ölkələri ilə Rusiya arasında açıq müharibə ehtimalını “yüksək” və ya “çox yüksək” kimi qiymətləndirir. Sorğunun nəticələri onu da ortaya çıxarıb ki, risk qavrayışı ölkələr üzrə fərqlənsə də, ümumi olaraq Avropa məkanında təhlükə hissi kəskin şəkildə artıb. Rusiya və müttəfiqi Belarusla sərhəddə olan Polşa kimi ön cəbhə ölkələrində bu qorxu xüsusilə güclüdür və daha konkret təhlükəsizlik narahatlığına çevrilib.
Moldovalı siyasi şərhçi Vasili Botnaru sorğunu Yenicag.az-a belə şərh edib:

“Avropada Rusiya ilə müharibə ehtimalının bu qədər real qəbul olunması nə emosional isterika, nə də təsadüfi panika deyil – bu, son illərin real təcrübəsinin, xüsusilə də Ukraynaya qarşı genişmiqyaslı işğalın, nüvə şantajına bənzər ritorikanın və hibrid təzyiqlərin məntiqi nəticəsidir. İnsanlar sadəcə xəbərləri izləmirlər, öz təhlükəsizliklərini yenidən düşünməyə məcbur olurlar.
Xüsusilə Polşa kimi Rusiya və Belarus sərhədinə yaxın ölkələrdə ictimai rəy artıq nəzəri ssenarilərdən yox, sabah baş verə biləcək real hadisələrdən danışır. Lakin burada vacib olan odur ki, bu qorxu kor panikaya deyil, daha ciddi müdafiə siyasətinə, NATO daxilində həmrəyliyin möhkəmlənməsinə və Avropa İttifaqı çərçivəsində strateji birlik hissinin güclənməsinə çevrilsin.
Əgər Avropa bu dəfə təhlükəni vaxtında və ayıq şəkildə dəyərləndirə, siyasi parçalanmaya yol vermədən bir mövqedən çıxış edə bilsə, Kreml üçün eskalasiyanın hərbi, iqtisadi və siyasi qiyməti qat-qat artır. Bu da münaqişənin qarşısını alan ən real çəkindirici amildir”.
Camal Cavanşir












