Bakı ilə İrəvan arasında SÜLH DİALOQU: "Bu, Ermənistan üçün həyati əhəmiyyət daşıyır"
“Bu görüşlər Azərbaycan dövlətinin və millətinin maraqları çərçivəsində aparılır. Qısacası, dialoqun davam etdirilməsinin heç bir ziyanı yoxdur”.
Bunu dekabrın 5-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Qətərdə baş tutacaq görüşün sülh quruculuğu istiqamətində əhəmiyyətindən danışan Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, davamlı və dayanıqlı sülhün əldə olunması Ermənistan üçün son dərəcə vacibdir:
“Çünki Ermənistan işğalçılıq siyasəti yürüdərək Azərbaycan torpaqlarını işğal etdi. Nəticədə regiondakı layihələrdən özünü təcrid vəziyyətinə çatdırdı. Bu siyasət isə ölkəni dərin sosial-iqtisadi böhran vəziyyətinə saldı.
Ermənistan bu gün dalana dirənmiş, inkişaf perspektivləri son dərəcə məhdud dövlətə çevrilib. Belə bir dövlətin gələcəkdə ciddi uğur qazanacağı real görünmür. Ona görə də Ermənistan üçün sülhün bərqərar olması həyati əhəmiyyət daşıyır. Azərbaycan Vətən müharibəsində qalib gəlsə də, yenə humanist mövqe ortaya qoyaraq Ermənistanla sülhün bərpası üçün təşəbbüs göstərdi”.
O qeyd edib ki, regional layihələrin həyata keçirilməsində Azərbaycanın böyük rolu, potensialı və imkanları var:
“Sülh əldə olunması regional layihələrin daha geniş miqyasda icra ediləcəyindən xəbər verir. Bu istiqamətdə atılacaq vacib addımlardan biri isə Zəngəzur dəhlizinin açılmasıdır. Bundan ən çox faydalanacaq ölkələrdən biri də Ermənistan olacaq.
Həmin istiqamətdə işlərin sürətlənməsi vacibdir. Onsuz da Ermənistan öhdəlik götürüb və bu yolu açmalıdır. Prosesi sürətləndirmək isə daha effektli nəticə verər. Bir sözlə, belə görüşlərin keçirilməsi təbiidir. Bu görüşlər Azərbaycan dövlətinin və millətinin maraqları çərçivəsində aparılır. Qısacası, dialoqun davam etdirilməsinin heç bir ziyanı yoxdur”.
Nəsimi Ələsgərli












