Paşinyanın Bakıdakı sammitə qatılma ehtimalı: "Münasibətlərin indiki səviyyəsini nəzərə aldıqda..."
“Ermənistanla 17 bənd üzrə razılığın əldə olunması normallaşma prosesinə doğru ehtiyatlı, lakin mühüm addımlar sayıla bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Politoloq 2026 və 2028-ci illərdə İrəvanda və Bakıda keçiriləcək olan Avropa Siyasi Birliyinin növbəti sammitlərində Azərbaycan Prezidenti İlham Əliyevin İrəvanda, Ermənistanın Baş naziri Nikol Paşinyanın isə Bakıdakı sammitlərdə iştirak etmə ehtimalını şərh edərək, baş tutacağı təqdirdə, bu görüşlərin çox uğurlu addım sayıla biləcəyini bildirib:
“Avropa Siyasi Birliyinin 8-ci sammitinin 2026-cı ildə İrəvanda, 10-cu sammitinin isə 2028-ci ildə Bakıda keçirməsi planları regionda diplomatik dinamikanın yeni mərhələyə keçdiyinə işarə edir. İddialara görə Azərbaycan Prezidenti cənab İlham Əliyev İrəvanda, Ermənistanın Baş naziri Nikol Paşinyan isə Bakıda keçiriləcək tədbirdə iştirak edə bilər. Bu isə münasibətlərin indiki səviyyəsini nəzərə aldıqda bir qədər qeyri-real iddia hesab oluna bilər. Belə ki, 44-günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar və son aylarda müşahidə olunan müəyyən müsbət addımlar, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası, sülh danışıqlarının intensivləşməsi və 17 bənd üzrə razılığın əldə olunması normallaşma prosesinə doğru ehtiyatlı, lakin mühüm addımlar sayıla bilər”.
Politoloq həmçinin qeyd edib ki, sülh müqaviləsi 2026-cı ilə qədər imzalanarsa, bu Ermənistanla Azərbaycan arasında normallaşmaya səbəb ola bilər:
“Əgər sülh sazişi 2026-cı ilə qədər imzalanarsa və sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində əsaslı irəliləyişlər əldə olunarsa, məhz həmin məqamda qarşılıqlı səfərləri mümkün edə biləcək real şərait qismən formalaşa bilər. Amma təəssüflər olsun ki, İrəvanın indiki mövqeyi bir daha aydın şəkildə sübut edir ki, Ermənistanın sülhü imitasiya oyunu hələ də davam etməkdədir və yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması real görünmür. Nəticə etibarilə, qarşılıqlı səfərlər ideyası bugün üçün reallıqdan uzaq yanaşma olsa da, hadisələrin gələcək inkişaf xronikasına uyğun olaraq istisna edilmir”.
Nurlan Cəfəri