Qurucu babalarımızdan bizə qalan ƏMANƏT – Tarixçi alimlə tarixə QISA EKSKURS
“Azərbaycanın dövlətçilik tarixi eramızdan əvvəl III–II minilliklərdən başlayır. Bu müddət ərzindən Cümhuriyyətə qədər mövcud olmuş dövlətlərin adları və paytaxtları müxtəlif olmuşdur. Lakin tarixdə ilk dəfə olaraq adı Azərbaycan, paytaxtı Bakı olan dövləti torpağı nurla dolmuş Məhəmməd Əmir Rəsulzadə və onun silahdaşları yaradıblar”.
Bunu Yenicag.az-a açıqlamasında tarixçi alim, Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin dosenti Boran Əziz deyib.
O, 28 May – Müstəqillik Günü ilə bağlı təəssüratlarını bölüşüb və tarixə qısa ekskurs edib.
B. Əzizin sözlərinə görə, Cümhuriyyətə qədər torpağımızda qurulmuş bütün dövlətlər ayrı-ayrı sülalələr tərəfindən təsis edilmişdi:
“İlk dəfə olaraq isə milliyyətindən, irqindən, cinsindən asılı olmayaraq, müxtəlif təbəqələrdən çıxmış ziyalılar, ölkənin müxtəlif bölgələrindən olan insanlar eyni əqidə, inam və ideologiya ətrafında birləşərək, milli təfəkkürə və yüksək məsuliyyətə sahib olan sahibkarların da yaxından iştirakı ilə milli dövlətimizi – Azərbaycan Xalq Cümhuriyyətini qura bildilər. Qurucu atalarımız Çar Rusiyasının məqsədyönlü şəkildə paramparça edib müxtəlif quberniya və qəzalara böldüyü torpaqlarımızda yoxdan bir dövlət, şimaldakı ərazilərimizi də əhatə edən müsəlman və türk dünyasında ilk demokratik, dünyəvi dövləti – Azərbaycan Xalq Cümhuriyyətini yarada bildilər. Uzun illər yalnız coğrafi bir anlayış kimi tanınan Azərbaycan ilk dəfə olaraq beynəlxalq hüququn subyektinə çevrilirdi”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti üçrəngli bayrağımızı, parlamentimizi, ordumuzu yaratmağa nail oldu:
“Bakı yadelli işğalçılardan azad edildi. Qarabağ, Zəngəzur və Naxçıvanı ana vətənə birləşdirdi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təmin etməyə çalışdı. Cümhuriyyət bizə 97,3 min kv.km mübahisəsiz, 114 min kv.km-lik isə mübahisəli ərazisi olan bir dövlət təhvil verdi. Türk dili dövlət dili elan olundu, milli kimliyimiz düzgün şəkildə təsbit edildi. 44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatı nəticəsində əldə olunan möhtəşəm qələbə bir daha sübut etdi ki, bu dövlət yaşamağa qadirdir. Bu qüruru və sevinci bizə yaşadan hər kəsə dərin təşəkkürümüzü bildirir, qarşılarında baş əyirik. Bayramınız mübarək!”
Rafi Müslümov