Naqif Həmzə: “28 May – Müstəqillik Günü bizim üçün böyük qürur və tarixi əhəmiyyət daşıyır”
“Şükürlər olsun ki, 2020-ci ildən bu günə qədər Qarabağ və Şərqi Zəngəzuru qurmaq üçün dirçəliş yolundayıq”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O, 28 May – Müstəqillik Günü ilə bağlı təəssüratlarını bölüşüb.
Millət vəkili bildirib ki, 28 May 1918-ci il tarixində Azərbaycan Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini elan etdi və cəmi 23 ay mövcud olan bu respublika çox uğurlu bir irs qoyub getdi:
“Bu qısa müddət ərzində Azərbaycanın adı, varlığı qorundu və bir dövlət kimi tanındı. Tam müstəqil olmasaq da Azərbaycan adı yaşadı və inkişafı davam etdi. 1991-ci ildə müstəqilliyimiz bərpa olundu. 2020-ci ildə isə torpaqlarımız işğaldan azad edildi. Prezidentimizin rəhbərliyi ilə 2023-cü ildə ərazi bütövlüyümüz tam şəkildə bərpa olundu”.
“Şükürlər olsun ki, 2020-ci ildən bu günə qədər Qarabağ və Şərqi Zəngəzuru qurmaq üçün dirçəliş yolundayıq. Həyat o torpaqlarda yenidən canlanır, köçkünlər doğma yurdlarına qayıdır. Bu gün – 28 may 2025-ci il tarixində, müstəqilliyimizin 107-ci ilində Laçın Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Bu, Azərbaycanın qüdrətinin və inkişafının bariz nümunəsidir. Xüsusilə qeyd etmək istəyirəm ki, iki gün öncə qardaş Pakistanın Baş naziri, bu gün isə qardaş Türkiyənin Prezidenti Azərbaycana səfər etdi. Hər iki liderin Qarabağda Azərbaycan Prezidenti ilə görüşü ölkəmizin beynəlxalq arenada nüfuzunun və gücünün göstəricisidir”, – deyə o, əlavə edib.
N. Həmzəyevin sözlərinə görə, bu gün biz regionun ən güclü dövlətiyik:
“Qardaşlarımızla, dostlarımızla, strateji tərəfdaşlarımızla birlikdə hədəflərimizə doğru inamla irəliləyirik. Bu yolda həm Azərbaycan Xalq Cümhuriyyətinin banilərinin, həm də Ulu Öndər Heydər Əliyevin arzularını, vəsiyyətlərini bir-bir reallaşdırırıq. Azərbaycan xalqı, dövləti və hökuməti sosial rifahın yüksəldilməsi üçün var gücü ilə çalışır. Gündən-günə güclənirik. Bu fürsətdən istifadə edərək Ali Baş Komandan, Prezident İlham Əliyevi səmimi qəlbdən təbrik edirəm. Ordumuzun hər bir əsgərini, zabitini, şəhidlərimizi, qazilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan hər gün daha da güclənəcək. Təqvimimizdəki önəmli günlərin dəyərini və əhəmiyyətini hər gün daha yaxşı anlayırıq. 28 May – Müstəqillik Günü bizim üçün böyük qürur və tarixi əhəmiyyət daşıyır. Müstəqillik Günümüz mübarək olsun!”
Nəsimi Ələsgərli