Paşinyan kilsəni hədələdi: "Orada müxtəlif fitnələr qurulur"
Ermənistanın Baş naziri Nikol Paşinyan tarixi abidə statusuna malik və Ermənistan Apostol Kilsəsinə ödənişsiz istifadəyə verilmiş ibadət yerlərini kilsədən almaqla hədələyib.
Yenicag.az bu barədə “Sputnik”ə istinadən xəbər verir.
Paşinyanın fikrincə, həmin kilsələrdə ruhani həyat yoxdur, orada guya intriqalar və müxtəlif fitnələr qurulur. O bildirib ki, hakimiyyətin bu məbədləri “cəmiyyətə qaytarmaq” üçün bütün mənəvi və hüquqi mexanizmləri var.
Hökumət saatı zamanı baş nazir növbəti dəfə Katolikos II Qaregini subaylıq andını pozmaqda ittiham edib, eyni zamanda, qeyd edib ki, hökumətin Kilsə ilə münaqişəsi yoxdur.
“Bizim münaqişəmiz Üçmüədzin Birinci Taxtını mənimsəyib murdarlamış bir qrup insanladır”, – deyə o bildirib.
Paşinyan daha əvvəl keşişlik rütbəsindən məhrum edilmiş Ovanavank monastırının rəhbəri Stepan Asatryanı müdafiə etmişdi. İndi isə o bəyan edib ki, “özləri keşişlikdən məhrum edilmiş şəxslər” digər ruhaniləri rütbədən salmaq hüququna malik deyil.
O, yaxın bazar günü Asatryan tərəfindən elan edilmiş Ovanavankdakı liturgiyada şəxsən iştirak etməyə niyyətli olduğunu da təkrarlayıb.