Paşinyana Türkiyədə NƏ DEYİLDİ? – “Bununla da o çox çətin dövrə qədəm qoymaqdadır”
“Bununla da Paşinyan çox çətin dövrə qədəm qoymaqdadır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Analitik Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərini şərh edərək bildirib ki, Paşinyanın bu səfərdə məqsədi çoxyönlüdür:
“Ermənistanın Baş naziri Nikol Paşinyanın qardaş Türkiyəyə səfər etməsi Türkiyədə də, Azərbaycanda da geniş müzakirə olunur. İlk dəfədir ki, bu cür səfər reallaşır və bu səfərin reallaşmasının səbəbi Azərbaycanın müharibədə qazandığı tarixi nailiyyətdir. Eyni zamanda, Azərbaycan ordusunun tarixi qələbəsi, torpaqlarımızı işğaldan azad etməsi yeni reallıqları formalaşdırır. Bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması üçün yeni fürsətlər əmələ gəlib və Zəngəzur dəhlizinin açılması istiqamətində danışıqlar həyata keçirilib. Bu dəhlizin açılması müstəsna əhəmiyyətə malikdir və bölgədəki iqtisadi yüksəlişi xalqların rifahını təmin edəcəkdir. Bu baxımdan, Paşinyanın səfəri zamanı həm də Azərbaycan və Ermənistan arasında formalaşma və sülh prosesi də müzakirə olunmuşdur. Digər tərəfdən Ermənistanla Türkiyə arasında da sərhədlərin açılması, diplomatik münasibətlərin bərqərar olunması mövzusu mövcuddur”.
İ. Hüseynov qeyd edib ki, Paşinyanın Türkiyəyə səfərinin digər səbəbi də regionda baş verən müharibələrdir:
“Digər mühüm səbəb isə regionda və dünyada baş verən proseslər fonunda Rusiya-Ukrayna, İran-İsrail müharibəsi gedişində Paşinyan təhlükəsizlik zəmanəti almaq istəyir və Türkiyə ilə yaxınlaşmaq məqsədini güdür. Bununla da o çox çətin dövrə qədəm qoymaqdadır. Qarşıda Ermənistanda həm də parlament seçkiləri keçiriləcək. Bu baxımdan, həm regional əməkdaşlıq, sabitlik məqsədləri ilə yanaşı, həm də Paşinyan öz siyasi karyerasını davam etdirmək və hakimiyyətdə qalmaq məqsədlərini də daşımaqdadır”.
Nurlan Cəfəri