Pənah Hüseyndən “reverans” ittihamlarına reaksiya: “Hələ vaxtı deyil…”

“İndiki halda bu mübahisələrdən son nəticə çıxarmağın hələ vaxtı deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında müxalifət düşərgəsində hakimiyyətin atdığı son addımlara yönəlik yaranan və kəskinləşən mübahisələrə münasibət bildirən sabiq baş nazir Pənah Hüseyn deyib.

Ötən həftə həm də ölkənin müxalifət düşərgəsində yeni “cəbhə”nin açılması ilə əlamətdar oldu. Keçmiş səfir, hazırda Avropada mühacir həyatı yaşayan Arif Məmmədovun Brüsselə səfərə gələn “ReAL” partiyasının təmsilçiləri Natiq Cəfərli və Erkin Qədirliyə istinadən açıqladığı məlumatlar əks siyasi düşərgədə yeni qarşıdurma ilə nəticələnib.

Məmmədovun sözlərinə görə, həm Cəfərli, həm də Qədirli avropalı diplomatlarla söhbətlərində “Azərbaycan hakimiyyəti adına lobbiçilik” ediblər. Bu açıqlama müxalifətin radikal cinahını təşkil edən Xalq Cəbhəsi Partiyasının (AXCP) “ReAl”ı hədəfə almasına əsas yaradıb. Konkret desək, AXCP Milli Şuranın sonuncu mitinqinə xüsusi dəvət yolladığı “ReAL”ı indi “hakimiyyətə satılmaq”da, iqtidarın “yeni siyasi layihəsi”ndə yer almaqda suçlayır.

Ümumiyyətlə, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda iddiaların zaman-zaman ortaya gətirilməsindən sonra müxalifət partiyalarının “hakimiyyətə yönəlik reverans”larına əsaslanan qarşılıqlı ittihamlarının da artdığı müşahidə olunur. Hakimiyyətin son addımlarına pozitiv mövqedən yanaşan hakimiyyət əleyhdarları öz düşərgə yoldaşlarının ittiham hədəfinə çevrilirlər.

Müxalifət düşərgəsində aktuallaşan “reverans” ittihamlarını Yenicag.az-a dəyərləndirən keçmiş baş nazir Pənah Hüseynə görə, bu məsələ yalnız konkret arqumentlərə söykənəcəyi təqdirdə, maraq doğuracaq:
“Ümumiyyətlə, xeyli müddətdir, tək “ReAL” yox, başqa qüvvələr də İlham Əliyevin atdığı addımları islahat, yaxud da islahatlara cəhd kimi şərh edirlər, bu barədə neçə illərdir mətbuatda da müzakirələr gedir.

Konkret olaraq isə mövcud Azərbaycan iqtidarı daxilində fundamental demokratik islahatların aparılmasına qarşı olan iri vəzifəli məmurların olduğu məlumdur.

İndi bu cür fikirlər səslənirsə və onlar konkret informasiyalara əsaslanacaqsa, davam edən prosesdə bunların həqiqət olduğuna dair arqumentlər gətiriləcəksə, əlbəttə, bu, maraq doğuracaq.

Sözün doğrusu, indiki halda bu addımlardan və bu mübahisələrdən irəliyə gedən son nəticə çıxarmağın, məncə, hələ vaxtı deyil.

Prinsipcə, bəziləri bu yolla yuxarılar – konkret olaraq, İlham Əliyev tərəfindən dəyişikliklərin getməsi istiqamətində öz ümidlərini ifadə edirlər. Fikrimcə, bunu belə qəbul etmək, hakimiyyəti həmin addımlara həvəsləndirmək kontekstində başa düşmək lazımdır.

Çünki adını çəkdiyiniz Natiq Cəfərli və dostları politoloq yox, əsasən, siyasətçi kimi danışırlar. Mən də bu kontekstdə başa düşürəm. Hesab edirəm ki, bu məsələ ilə bağlı müxalifət daxilində qütbləşmə yaratmağa ehtiyac yoxdur”.

A.Zeynalov

COP29