Pezeşkianın Bakı səfərinə az qaldı: Dünya aydınlıq və reallıq tələb edir
“İran da öz siyasətini, qonşularla münasibəti, Ermənistanla əlaqələri redaktə etməlidir”
Pezeşkianın Azərbaycana gəlişindən sonra bir sıra məsələlərdə ciddi formada reformalar gözlənilir. İran rejiminin Azərbaycana münasibəti dəyişə bilər”
“Aprelin son günlərində Prezident Pezeşkian Azərbaycana səfər edəcək, bu, mühüm səfərdir və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına yönəlib”. Bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib. O bildirib ki, bu səfər ölkələr arasında müxtəlif münasibətləri, o cümlədən diplomatik və iqtisadi əlaqələri genişləndirməyə kömək edən məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Qeyd edək ki, Prezident Məsud Pezeşkianın 28 apreldə Azərbaycana səfər edəcəyi gözlənilir. Məsud Pezeşkianın Bakıya rəsmi səfəri ərəfəsində açıqlamalar verib. Qeyd edib ki, Azərbaycana edəcəyi səfər iki ölkə arasında münasibətlərin normallaşması və gələcək əməkdaşlıq baxımından mühüm siqnallar ehtiva edir. İran prezidenti deyib ki, iki ölkə vahid bir orqanın üzvləri kimidir və sərhədin hər iki tərəfində yaşayan insanlar min illik dərin dostluq və ümumi yaxınlıqdan qaynaqlanan geniş qarşılıqlı maraqları bölüşürlər. Pezeşkian eyni zamanda vurğulayıb ki, İran və Azərbaycan arasında son illərdə yaranmış yanlış yozumlar və gərginliklər aradan qaldırılmalı, tərəflər arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün mövcud potensialdan istifadə olunmalıdır: “İki ölkə və onların xalqları arasında qarşılıqlı fəaliyyət potensialı və imkanları geniş, dərin və rəngarəngdir. Davam edən əlaqələrin bərpası prosesi ilə biz tezliklə bu imkanların çiçəklənməsinin, əlaqələr və əməkdaşlıq səviyyəsində sürətli və mənalı yüksəlişin şahidi olacağıq”. Pezeşkian, Bakıya gözlənilən səfərinin də bu yüksəliş prosesinə ciddi töhfə verəcəyini qeyd edib: “Ümidvaram ki, son məsləhətləşmələr və aparılan hazırlıq işləri nəzərə alınmaqla, bu səfər iqtisadiyyat, ticarət, mədəniyyət, turizm və siyasət sahələrində hökumət, özəl və dövlət sektorları arasında əlaqələrin dərinləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq və sürətləndirəcək”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a deyib ki, Məsud Pezeşkianın İran prezidenti seçilməsi həm dünyada, həm regionda, həm də Azərbaycanda müəyyən ümidlər yaratmışdı. Ekspert bildirib ki, eyni zamanda İranda yaşayan azərbaycanlıları, digər etnik qrupları ümidləndirmişdi:
“Hesab edilirdi ki, M.Pezeşkian prezident seçiləndən sonra ölkədə yaşayan qeyri-farslarla bağlı İran Konstitusiyasındakı müddəalara əməl olunacaq. Xüsusən, ana dili məsələsinə önəm veriləcək. Azərbaycan türkləri öz ana dillərində təhsil hüquqlarına malik olacaqlar. İranda bir sıra islahatlar aparılacaq. Bunların heç biri özünü doğrultmadı. Ancaq M.Pezeşkianın Azərbaycana gözlənilən səfəri yüksək qiymətləndirilir. İran və Azərbaycan eyni regionda yerləşir. İranda 35 milyon azərbaycanlı yaşayır. O baxımdan Pezeşkianın ölkəmizə səfəri həm bizim, həm də region üçün önəm kəsb edən hadisə olar. Beynəlxalq müstəvidə, regional layihələr çərçivəsində və bölgənin gələcəyi ilə bağlı məsələlərdə İran-Azərbaycan arasında münasibətlərin normal olması çox önəmlidir. Azərbaycan buna böyük diqqət ayırır. M.Pezeşkianın Azərbaycana gəlişindən sonra bir sıra məsələlərdə ciddi formada reformalar gözlənilir. İran rejiminin Azərbaycana münasibəti dəyişə bilər. Amma bunların kökündə bir məsələ dayanır. İranda kimin prezident olmasından asılı olmayaraq, qonşu ölkənin daxili və xarici siyasətini dini lideri, dini rejimi həyata keçirir. İranın ali dini lideri hansı xətti cızırsa, siyasi hakimiyyət ondan kənara çıxmır”.
S.Əsədli xatırladıb ki, son dönəmdə Azərbaycana rəsmi səfərə gələn yeganə İran Prezidenti Həsən Ruhani olub:
“Həsən Ruhani 2014-cü ilin noyabrın 12-də ölkəmizdə rəsmi səfərdə olub. Ona görə də hesab edilir ki, M.Pezeşkianın Azərbaycana səfərindən sonra rejimin ölkəmizə siyasi-dini münasibəti nisbətən normallaşa bilər. İran Zəngəzur dəhlizinin açılmasını istəmir. Tehran rejimi bu mövqeyindən də vaz keçməlidir. Əgər İran özünü islam dünyasının bir parçası hesab edirsə, qərəzli münasibətdən əl çəkməlidir. ABŞ-nin, İsrailin İrana qarşı münasibəti, Yaxın Şərqdə aldığı zərbələr də göstərir ki, İran bölgədən sıxışdırılıb çıxarılır. Çünki terrorla, məkrli niyyətlə irəli getmək olmaz. Dünya aydınlıq və reallıq tələb edir. İran da öz siyasətini, qonşularla münasibəti, Ermənistanla əlaqələri redaktə etməlidir. İrəvanın destruktiv hərəkətlərinə dəstək verməməlidir”.