TRIPP marşrutunun BİLİNMƏYƏNLƏRİ – Prezidentin mühüm müsahibəsində NƏLƏR VAR?

media-hightechnic-468x90

“Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bir çox vacib məqamlara toxundu”.

Bu fikirləri Yenicag.az-a Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

media-1723641018_1677491481_konul_nurullayeva_011221

Deputat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi geniş müsahibəni şərh edib.

Millət vəkili Prezidentin müsahibədə vurğuladığı əsas məqamlardan bəhs edib:

“Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bir çox vacib məqamlara toxundu. İlk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı rəsmi İrəvanın öhdəliklərini xatırlatdı. Bildirdi ki, Ermənistan razılaşmanı pozarsa, bu ölkə ciddi çətinliklərlə üzləşəcək. Belə ki, Ermənistan mütləq bölgədəki güc balansı haqqında düşünməli, Azərbaycana qarşı heç bir halda ərazi bütövlüyü iddiası ilə çıxış etməməlidir. Yəni Ermənistanda hər kəs anlamalıdır ki, Vaşinqton razılaşması şəxslər arasında yox, 2 dövlət arasında imzalanan sənəddir. Ona görə məsələyə ciddi yanaşılmalıdır. Hesab edirəm ki, Ermənistan cənab Prezidentin bu xəbərdarlığından nəticə çıxarmalıdır”.

K. Nurullayeva müsahibədə bəhs edilən Zəngəzur dəhlizi mövzusuna da toxunub:

“Azərbaycan Prezidenti Zəngəzur dəhlizi – TRIPP marşrutu ilə bağlı məsələyə də aydınlıq gətirdi. Bildirdi ki, əslində, 5 il ərzində dəhlizin işə düşməsi mümkün ola bilərdi, lakin Ermənistanın məsələni yubatması ABŞ Prezidenti Donald Trampın və onun komandasının prosesə qoşulmasına zəmin yaratdı. Beləliklə, layihə beynəlxalq təhlükəsizlik zəmanətləri əsasında reallaşacaq. İnşa işlərinin hansı ölkə tərəfindən icra edilməsi təbii ki, vacib deyil. Azərbaycan üçün vacib olan yolun inşası və beynəlxalq təhlükəsizlik zəmanətlərinin təmin olunmasıdır”.

Onun sözlərinə görə, TRIPP Asiyanı Avropaya Azərbaycanın ərazisindən birləşdirən yeganə yola alternativ yaradacaq, Ermənistan isə nəhayət, tranzit imkanından yararlanacaq:

“Məsələ ilə bağlı İranın mövqeyinə gəlincə, Azərbaycan Prezidenti qeyd etdi ki, əslində, rəsmi Tehranın yanaşması bizi qane edir. Ziddiyyətli bəyanatlar səsləndirən müşavirlərin mövqeyi isə Bakıda ciddi qəbul olunmur. Prezident söylədi ki, “dövlətlərarası münasibətlərimiz hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq. Beləliklə, bizim üçün hər şey aydındır. Prezidentin mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil”.

Deputat Rusiya ilə münasibətlərin mümkün pozulma ehtimalı barədə də ölkə rəhbərinin müsahibədəki fikirlərinə əsaslanaraq bildirib:

“Cənab Prezident Rusiya ilə münasibətlərə də aydınlıq gətirdi. Bəyan etdi ki, münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Mülki təyyarənin vurulması, 2 azərbaycanlının qətlə yetirilməsi – bunlar Azərbaycan cəmiyyətində haqlı olaraq qəzəbə səbəb olub. Təbii ki, Azərbaycan heç bir halda bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcək”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, ölkə başçısı həmçinin Azərbaycanın Yaxın Şərqdə baş verən siyasi gərginliklər fonunda Suriya-İsrail və İsrail-Türkiyə danışıqlarında vasitəçi kimi roluna dair sualı da cavablandırıb:

“Rəsmi Bakının məqsədi yalnız normallaşma prosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırıla bilən vəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Ankara-Təl-Əviv münasibətlərində də Azərbaycan ümumi dil tapmağa yardım etmək üçün çox da ictimailəşdirilməyən diplomatik səylər göstərməyə hazırdır”.

“Türk Dövlətləri Təşkilatının perspektivinə də diqqət yetirən Azərbaycan Prezidenti gələcəkdə bu təşkilatı mühüm qlobal iştirakçılardan biri kimi gördüyünü bəyan etdi. Əsas hədəf “beynəlxalq arenada rol oynaya bilən, təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilməkdən ibarətdir ki, həm də beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynasın və qonşular üçün imkanlar yaratsın”, – deyə o, fikirlərini tamamlayıb.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa