Kremlin dialoq pəncərəsini açıq qoymaması: "Görüşlər kompromis məqamlarının tapılması üçün fürsət yarada bilər"
“Rusiya və Azərbaycan arasındakı növbəti görüşləri təmasların bərpası və kommunikasiya kanallarının açılması kimi dəyərləndirmək olar”.
Bu fikirləri Rusiya və Azərbaycan liderlərinin görüşmə ehtimalını və mümkün görüşün öngörülən nəticəsi barədə danışan politoloq Züriyə Qarayeva Yenicag.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, Kremlin mesajları Moskvanın qarşıdakı mərhələdə daha çox koordinasiya olunmuş addımlar atmağa çalışdığını göstərir:
“Kreml sözçüsü Dmitri Peskovun açıqlaması Rusiyanın Çinlə birlikdə təşkil olunan tədbirlər çərçivəsində ikitərəfli görüşlərə hazırlaşdığını göstərir. Bu, Moskvanın diplomatik kanalları açıq saxlamaq və beynəlxalq formatlarda iştirakını gücləndirmək istəyinin ifadəsidir. Əslində, Peskovun vurğuladığı “ümumi tədbirlər planı” Moskvanın qarşıdakı mərhələdə daha çox koordinasiya olunmuş addımlar atmağa çalışdığını göstərir.
Üz-üzə görüşlər istər-istəməz tərəflər arasında müəyyən psixoloji gərginliyi azaldır və dialoqun davamlılığına töhfə verir. Lakin bu, avtomatik olaraq münasibətlərin tam yumşalacağı anlamına gəlmir. Çünki Rusiya ilə tərəfdaş ölkələr arasındakı münasibətlər təkcə şəxsi təmaslarla deyil, həm də geosiyasi maraqlar və strateji gündəmlə formalaşır. Görüşlər ən yaxşı halda gərginliklərin idarə olunması və müəyyən kompromis məqamlarının tapılması üçün fürsət yarada bilər”.
Politoloq mümkün görüşün iki ölkə arasındakı münasibətlərin nisbətən normallaşdıra biləcəyini ifadə edib:
“Beləliklə, qarşıdakı görüşlərdən sonra münasibətlərdə qismən müsbət ton yaranması mümkündür, amma bunun uzunmüddətli yumşalmaya çevrilməsi tərəflərin gündəmdəki əsas ziddiyyətləri necə həll edəcəyindən asılı olacaq. Bu baxımdan, görüşləri daha çox “təmasların bərpası və kommunikasiya kanallarının açılması” kimi dəyərləndirmək daha doğru olar”.
Nurlan Cəfəri