Ali təhsillə bağlı bu tələblər təsdiq edildi
“Ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı Tələblər”in təsdiq edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.
Qərara əsasən, SABAH proqramlarının təşkili ilə bağlı tələblər müəyyən olunub. Belə ki, ali təhsil müəssisəsində beynəlxalq kitabxana resurslarına və elmi bazalara (SCOPUS, Web of Science və s.) çıxış imkanları olmalıdır.
Həmçinin ali təhsil müəssisəsi müraciət edilən tarixə olan məlumatlara əsasən “Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində yer almalıdır (fəaliyyət müddəti 5 ildən az olan ali təhsil müəssisəsi istisna olmaqla).
Bundan başqa, tələblər sırasında ali təhsil müəssisəsinin elmi-pedaqoji heyətinin SABAH Proqramının təşkil ediləcəyi ixtisas sahəsi üzrə nüfuzlu elmi bazalarda (SCOPUS və Web of Science) indekslənən ümumi nəşrlərinin sayı azı 100 (yüz) olmalıdır.
Ali təhsil müəssisəsində tələbələrin inkişafını dəstəkləyən qabaqcıl ekosistem (karyera və inkişaf mərkəzləri, dövlət-özəl ortaq təcrübə proqramları, mentorluq sistemləri, tələbə klubları və s.) mövcud olmalı və tələbələrin layihə, müsabiqə, konfranslarda iştirakına maliyyə dəstəyi verilməlidir.
Universitetlərdə SABAH proqramının həyata keçiriləcəyi ixtisas üzrə məzunların məşğulluq faizi ölkədəki eyni ixtisas üzrə orta göstəricidən (müvafiq məlumatların əlçatanlıq səviyyəsi aşağı olduqda ali təhsil müəssisəsi üzrə məzunların ümumi orta məşğulluq göstəricisindən) yüksək olmalıdır (son 2 tədris ilinin məzunları istisna olmaqla əvvəlki 3 tədris ilinin məzunlarının məşğulluq məlumatlarına əsasən).
Son 3 tədris ilində Azərbaycan ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən müvafiq ali təhsil müəssisəsində SABAH proqramının həyata keçiriləcəyi ixtisas (ixtisaslaşma) üzrə minimum və orta qəbul balları ölkə üzrə orta göstəricidən yüksək olmalıdır.
SABAH proqramının təşkil ediləcəyi ixtisas qəbuluna dair nəticələrə əsasən son 3 tədris ilində faktiki tələbə qəbulu göstəricisi 90 %-dən yuxarı olmalıdır. Ali təhsil müəssisəsində SABAH proqramının təşkil ediləcəyi ixtisas üzrə son 3 tədris ilində müəllim-tələbə nisbəti 1/15 – 1/20 aralığında olmalıdır. SABAH proqramının təşkil ediləcəyi ixtisas (ixtisaslaşma) üzrə tədris prosesinə cəlb olunan müəllim heyətinin azı 40 %-i müvafiq ixtisas sahəsi üzrə fəaliyyət göstərən özəl və ya dövlət sektorunda çalışan mütəxəssislərdən ibarət olmalıdır.
Həmçinin universitetlərdə SABAH proqramının təşkil ediləcəyi ixtisas üzrə tədrisə cəlb olunmuş elmi-pedaqoji heyətin ən azı 60 %-i elmi dərəcəyə və elmi ada malik olmalıdır.
Ali təhsil müəssisəsində SABAH proqramının təşkil ediləcəyi ixtisas üzrə tədrisə tam ştatda işləyən elmi-pedaqoji heyətin azı 10 %-i, tədrisə ali təhsil müəssisəsində saathesabı qaydada dərs deyən elmi-pedaqoji heyətin isə azı 20%-i xarici dövlətin ali təhsil müəssisələrində təhsil almış olmalıdır.
SABAH proqramın təşkil ediləcəyi ixtisas üzrə tədrisə cəlb edilən elmi-pedaqoji heyətin azı 5 %-i nüfuzlu xarici ali təhsil müəssisələrinin professor-müəllim heyəti sırasından olmalıdır./Report/