“Qarabağ” üçün ölüm-qalım TURU: “Köhlən atlar” bu dəfə şeytanın qıçını SINDIRA BİLƏCƏK?
“Qarabağ” bu gün çox vacib qarşılaşmaya çıxır. Hətta demək olar ki, bu, son illərin ən böyük və tarixi oyunlarından biridir”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Kənan Məstəliyev deyib.
Müsahibimiz UEFA Çempionlar Liqasının pley-off mərhələsində baş tutacaq “Qarabağ” – “Ferenstavroş” qarşılaşmasının ikinci oyunu ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, komandadan tələb olunan əsas məqam diqqətli olmaq, tələsməmək və eyni zamanda rəqibdən çəkinməməkdir:
“Çünki ortada böyük bir mükafat var – Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək hüququ. Bunun üçün isə hər oyunun 90 dəqiqəsi ərzində tam diqqətli olmaq və sona qədər mübarizə aparmaq vacibdir. Komandanın baş məşqçisi Qurban Qurbanov həmişə bütün rəqiblərə adından, statusundan və gücündən asılı olmayaraq ciddi yanaşması ilə seçilib. O, dəfələrlə mətbuat konfranslarında da qeyd edib ki, “Qarabağ” hər rəqibə ciddi yanaşır və sona qədər mübarizə aparır. Bu, azarkeşlərə böyük ümid verir. Çünki Qurban Qurbanov bu komandanın əsas hərəkətverici qüvvəsidir”.
Müsahibimizin fikrincə, oyunun gedişatı ilə bağlı gözləntilərə gəldikdə isə, rəqib olduqca istəklidir, hücuma meylli futbol nümayiş etdirmək və mütləq qol vurmaq məcburiyyətindədir:
“Bu isə təbii olaraq onların irəli atılmasına səbəb olacaq. “Qarabağ” isə öz epizodlarını səbirlə gözləməli, əks-hücumlarda daha diqqətli və dəqiq olmalıdır. Ümumilikdə baxdıqda, bəli, rəqib komandanın adı, heyəti və bazar dəyəri yüksəkdir. Lakin bugünkü oyunun və turun real favoriti məhz “Qarabağ”dır. Komanda bu mərhələni uğurla adlayaraq Çempionlar Liqasına yüksəlmək və böyük tarixi nailiyyət əldə etmək şansına sahibdir. Əminliklə demək olar ki, “Qarabağ” bu vəzifənin öhdəsindən layiqincə gələcək və Azərbaycan futbolu üçün yeni bir tarixi səhifə yazacaq”.
Rafi Müslümov