Kommunal ödənişlərdəki ÇIXILMAZ DURUM – Vahid platforma niyə YARADILMIR?
“Ödənişlərin vahid platformada toplanması və yönləndirilməsi vətəndaşlar üçün prosesi xeyli asanlaşdırar”.
Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Oruc deyib.
O, bina mənzillərində kommunal ödənişlərin vahid sistemdə cəmləşdirilməməsi barədə fikirlərini səsləndirib.
Ekspert bildirib ki, bu ödənişlərin hər biri ayrı-ayrı təyinat üzrə göndərilir və qəbul olunur.
“Yəni daşınmaz əmlakla bağlı vergi bir istiqamətdədir, kommunal xidmətlər üzrə ödənişlər isə başqa istiqamətdə hesablanır. Kommunal xidmətlərə görə ödənişlər istifadə həcminə uyğun müəyyən edilir. Lakin daşınmaz əmlak vergisi konkret, vahid norma əsasında hesablanır və dəyişkən xarakter daşımır”.
Onun sözlərinə görə, ödəniş forması məsələsinə gəldikdə isə beynəlxalq təcrübədə vahid ödəniş portalı mövcuddur və bütün ödənişlər həmin portal üzərindən həyata keçirilir:
“Belə olduqda, vətəndaşlar üçün proses daha sadə və rahat olur. Təəssüf ki, hazırda bizdə bu mexanizm mövcud deyil, buna görə də ödənişlər müxtəlif istiqamətlər üzrə, müxtəlif hesablar vasitəsilə formalaşır və ödənilir. Bu baxımdan, ödənişlərin vahid platformada toplanması və yönləndirilməsi vətəndaşlar üçün prosesi xeyli asanlaşdırar”.
Nəsimi Ələsgərli