Azərbaycana regional FENOMENƏ ÇEVRİLİR – Bakının strategiyasında NƏLƏR VAR?
“Məhz bu yanaşmalar Azərbaycanı bu gün regionun fenomen ölkəsinə çevirir, eyni zamanda onun qlobal miqyasda – iqtisadi, siyasi və diplomatik sahələrdə mövqelərini möhkəmləndirərək əhəmiyyətini daha da artırır”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” kanalına müsahibəsi zamanı toxunduğu qlobal məsələlər və mesajlar fonunda Azərbaycanın nüfuzunun artması və yeni dünya nizamında yeri barədə fikirlərini səsləndirib.
Deputat bildirib ki, çox mühüm mesajlar toplusu kimi qiymətləndirilən bu müsahibə istər ölkə, istərsə də dünya gündəmində maraqlı məqamları ilə diqqət çəkdi:
“Prezident İlham Əliyev çıxışında həm regional, həm də qlobal miqyasda strateji əhəmiyyət daşıyan məsələlərə toxunaraq, Azərbaycanın milli maraqları prizmasından bu mövzulara aydınlıq gətirdi. Dövlət başçısının müsahibəsində səsləndirilən fikirlər, eyni zamanda beynəlxalq münasibətlər və siyasi elmlər kontekstində də ciddi siyasi mesajlar toplusu kimi qiymətləndirilməlidir. Prezidentin Azərbaycanın ötən əsrin sonlarında üzləşdiyi faciələrə diqqət çəkməsi, ölkəmizin 30 ilə yaxın işğal altında qalmasını bir daha bəyan etməsi və müharibənin nəticələrinin məhz Azərbaycan tərəfindən təmin olunduğunu vurğulaması mühüm məqamlardandır”.
Onun sözlərinə görə, dövlət başçısı tarixi kontekstdən çıxış edərək Zəngəzur dəhlizi (Tramp yolu) məsələsini gündəmə gətirdi və bunun yalnız Azərbaycanın deyil, bütövlükdə regionun strateji maraqlarına cavab verdiyini xüsusi qeyd etdi:
“Prezidentin haqlı olaraq bildirdiyi kimi, bu dəhlizin açılması yalnız Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqəni təmin etməyəcək, həmçinin Böyük İpək Yolunun, logistika mərkəzlərinin genişlənməsinə şərait yaradacaq. Layihədə maraqlı tərəflər çoxdur və onun həyata keçməsi regionun deyil, bütövlükdə dünyanın inkişafına xidmət edən əhəmiyyətli bir təşəbbüsdür”.
J. Əliyevanın fikrincə, Prezident həmçinin qeyd edib ki, Azərbaycan istər ABŞ ilə, istər digər dövlətlərlə əməkdaşlığa hər zaman açıqdır:
“Bu əməkdaşlıq regional sabitliyin qorunması və inkişaf etdirilməsi baxımından mühüm rol oynayır. Müsahibədə həmçinin Rusiya və İran istiqamətində də mesajlar verildi. Azərbaycanın müstəqil siyasət yeritdiyi, heç bir güc mərkəzinin iradəsini qəbul etmədiyi və siyasətini sərbəst şəkildə qurduğu açıq şəkildə bəyan edildi”.
Millət vəkili diqqətə çatdırıb ki, dövlət başçısının “Əl-Ərəbiyyə” kanalına verdiyi bu müsahibə həm də ərəb dünyası üçün mühüm mesajlar daşıyır:
“Burada Azərbaycanın İslam həmrəyliyi çərçivəsində əməkdaşlığa sadiq olduğu və regionda sabitlik təşəbbüslərində fəal iştirak etdiyi vurğulanmışdır. Bütövlükdə geniş spektrli müsahibəni ümumi şəkildə təhlil etsək, deyə bilərik ki, bu çıxış Azərbaycanın xarici siyasətinin aydın ifadəsidir. Burada həm tarix boyu ölkəmizin üzləşdiyi ədalətsizliklər bir daha xatırladılır, həm də müasir dövrün qlobal çağırışlarına cavab verən strateji yanaşmalar öz əksini tapır. Prezident bir daha açıq şəkildə bəyan etdi ki, Azərbaycan balanslı siyasət yürüdür, ilk növbədə milli maraqlarını müdafiə edir və eyni zamanda beynəlxalq əməkdaşlıqda konstruktiv mövqe tutur. Məhz bu yanaşmalar Azərbaycanı bu gün regionun fenomen ölkəsinə çevirir, eyni zamanda onun qlobal miqyasda – iqtisadi, siyasi və diplomatik sahələrdə mövqelərini möhkəmləndirərək əhəmiyyətini daha da artırır”.
Nəsimi Ələsgərli