PKK-nın Suriyadakı "qalası" çökdü: "Bu əməliyyatdan ən çox Türkiyə qazanacaq"
“Rəqqa şəhərinin Suriya ordusu tərəfindən terrorçulardan geri alınması və PKK-nın Suriyadakı ən geniş yayıldığı mərkəzin təmizlənməsi regionda yeni geosiyasi reallıq formalaşdırır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Politoloq Suriya təhlükəsizlik xidməti qüvvələrinin Rəqqa şəhərini PKK-dan geri almasını şərh edib:
“Rakka şəhərinin Suriya ordusu tərəfindən terrorçulardan geri alınması və PKK-nın Suriyadakı ən geniş yayıldığı mərkəzin təmizlənməsi regionda yeni geosiyasi reallıq formalaşdırır. Bu hadisə PKK-nın Suriyadakı ideoloji və təşkilati dayaqlarına ciddi zərbə vurur. Öcalanın simvolik təsirinin küçələrdən silinməsi yalnız vizual bir dəyişiklik deyil, həm də təşkilatın sosial legitimliyinin zəifləməsi deməkdir. Rəqqanın dövlət idarəçiliyinə keçməsi PKK-nın Suriyada siyasi və iqtisadi təsir imkanlarını daraldır, onun logistika və kadr bazasını məhdudlaşdırır. Bu, təşkilatın süqutuna aparan prosesin başlanğıcı ola bilər, çünki PKK-nın Suriyada möhkəmlənməsi üçün ən mühüm dayaq məhz Rakka idi.”
T. İsmayılov qeyd edib ki, PKK-nın Rakka şəhərindən təmizlənməsi ən çox Türkiyənin xeyrinə olacaq:
“Bu vəziyyətdə ən çox qazanan tərəf Türkiyədir. Çünki Ankara uzun illərdir PKK-nın Suriyadakı mövcudluğunu milli təhlükəsizliyə birbaşa təhdid kimi qiymətləndirirdi. Rəqqanın təmizlənməsi Türkiyənin sərhəd bölgələrində təhlükəsizlik risklərini azaldır, terrorçuların Türkiyəyə sızma imkanlarını məhdudlaşdırır. Bundan əlavə, PKK-nın Suriyada zəifləməsi Türkiyənin regional siyasətdə əlini gücləndirir, həm diplomatik müstəvidə, həm də hərbi-strateji baxımdan üstün mövqeyə çıxarır. Türkiyə bu prosesdə həm öz milli maraqlarını qorumuş olur, həm də regionda sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfə verir.
Beləliklə, Rəqqanın dövlət idarəçiliyinə keçməsi PKK-nın zəifləməsini sürətləndirən mühüm addımdır və bu, Türkiyənin uzunmüddətli strateji hədəflərinə uyğun nəticələr doğurur. Ankara bu hadisə ilə həm daxili təhlükəsizlikdə rahatlıq qazanır, həm də regional güc balansında mövqeyini daha da möhkəmləndirir.”
Nurlan Cəfəri












