Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Prezident Beyləqanda sakinlərlə görüşdü - FOTO

Reklam: High Technic

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Beyləqan rayonunda yenidən qurulan 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyasının açılışında iştirak edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb, bu sektorda mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Beyləqan rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi prioritet məsələlərdən olub. Geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin elektrik enerjisinə artan tələbatının ödənilməsi üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bununla mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Azərişıq ASC-nin sədri səlahiyyətlərini icra edən Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, Beyləqan Elektrik Şəbəkəsində 22 min 480 abonent mövcuddur. Onlardan 20 min 728-i əhali, 1752-si qeyri-əhali kateqoriyasına aiddir. Rayonun elektrik enerjisi ilə təminatının və etibarlılığın artırılması məqsədilə istismarda olan avadanlığın texniki parametrlərini itirmiş və dispetçer əməliyyat çevrilmələrinin aparılması mümkün olmayan mövcud 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyası tam yenidən qurulub, hər biri 25 MVA gücünə malik iki transformator quraşdırılaraq 15 MVA yeni güc yaradılıb. Yarımstansiyada 35 kV-luq hava xəttinin tikintisi və şəbəkə ilə əlaqələndirilməsi, Beyləqan və Ağcabədi rayonlarının 35 kV-luq dairəvi elektrik təchizat sxemlərinin yaradılması bu rayonlarda elektrik enerjisinin dayanıqlılığına və etibarlılığına, 110 kV-luq üç qovşaq yarımstansiyasının əlaqələndirilməsinə, eyni zamanda, yüklərin bir mənbədən digər mənbə üzərinə keçirilməsinə xidmət edəcək. Yenidən qurulmuş yarımstansiya vasitəsilə Beyləqan şəhərində, Mayak və Yuxarı Aran qəsəbələrində yaşayan 28 min nəfər əhalinin, eyni zamanda, şəhərdəki ictimai, sosial-mədəni, idman, müalicə obyektlərinin elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Həmçinin rayon ərazisində olan əkinçilik, pambıqçılıq və digər təsərrüfatların enerji təminatı tam ödəniləcək.

Bildirildi ki, “Beyləqan-1” yarımstansiyasında müasir tipli idarəetmə mərkəzi, 35-10 kv-luq qapalı paylayıcı qurğular məsafədən dispetçer idarəetmə sisteminə (SCADA) qoşulub. Yarımstansiyanın inzibati binasında işçilər üçün lazımi iş otaqları, yardımçı və texniki otaqlar yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıqlar salınıb.

***

Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, bu mədəniyyət ocağı 1981-ci ildə yaradılıb. Muzeyin əvvəlki binası uzun illər istismar olunduğundan fiziki aşınmaya məruz qalmışdı. Bundan başqa, muzeyin ekspozisiyası SSRİ dövrünün tərtibatı əsasında qurulmuşdu. Ötən il yenidən inşa edilən ikimərtəbəli binanın ümumi sahəsi 1050 kvadratmetrdir. Muzeydə ekspozisiya zalı, iki xidməti otaq, bir fond otağı, 60 yerlik konfrans zalı, 12 yerlik “dəyirmi masa” zalı, bir texniki otaq var. Muzeydə həm ölkəmizin, həm də Beyləqanın tarixini əks etdirən eksponatlar toplanıb. Bu eksponatlar turistlərdə böyük maraq doğuracaq, onların ölkəmizin tarixi ilə daha yaxından tanış olmalarına hərtərəfli imkan yaradacaq.

Bildirildi ki, burada 6087 adda eksponat mövcuddur. Muzeyin fondunda və kolleksiyasında ən qədim eksponat son tunc, ilk dəmir dövrü və eramızdan əvvəl X-VII əsrlərə aiddir. Ekspozisiya zalında Beyləqanın qədim dövrdən bu günə qədər olan siyasi və ictimai tarixi, maddi-mədəniyyət nümunələri, mədəni-iqtisadi həyatı, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Beyləqan rayonuna səfərlərini əks etdirən fotolar və məlumatlar nümayiş etdirilir.

Şanlı tariximizin gənclərə dərindən öyrədilməsi və gələcək nəsillərə çatdırılması baxımından belə muzeylərin müstəsna əhəmiyyəti var. Bu cür muzeylər həm də Azərbaycan tarixinin zənginliyini bir daha nümayiş etdirir. Bu baxımdan son dövrlərdə Azərbaycanda yeni muzeylərin inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması işi geniş vüsət alıb. Belə layihələrin icrası ölkəmizin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün müstəsna əhəmiyyətə malikdir.

Sonra Prezident İlham Əliyev muzeyin yerləşdiyi parkda istirahət edən rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib.

Rayon sakinləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

Gənclər və idman naziri Azad Rəhimov Beyləqan Olimpiya İdman Kompleksində yaradılan şərait barədə Azərbaycan Prezidentinə ətraflı məlumat verdi.

Bildirildi ki, kompleksin tikintisinə 2018-ci ildə başlanılıb. Prezident İlham Əliyevin sərəncamları ilə Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 17,5 milyon manat vəsait ayrılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin fevralında başa çatdırılıb. Kompleks müasirliyi ilə diqqəti cəlb edir. Bu, ölkəmizdə istifadəyə verilən sayca 45-ci Olimpiya İdman Kompleksidir. Ümumi ərazisi 2,6 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

Diqqətə çatdırıldı ki, 820 tamaşaçı yeri olan universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır. Beyləqan Olimpiya İdman Kompleksinin stolüstü tennis, bilyard, Şərq döyüş və trenajor zallarında idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Güləşçilərin məşqlərinin yüksək səviyyədə keçirilməsi üçün ən xırda incəliklər belə nəzərə alınıb. Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12,5 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır. Bu zalda üzgüçülük yarışlarını 162 nəfər izləyə biləcək.

Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Qırx yerlik mehmanxanada idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada birnəfərlik, ikinəfərlik, üçnəfərlik, VIP otaqlar və 50 yerlik konfrans zalı mövcuddur.

Qeyd edildi ki, Beyləqan Olimpiya İdman Kompleksinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

Beyləqan Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev idmançılarla və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Karate üzrə dünya çempionu Sahib Nəsibov və yunan-Roma güləşi üzrə Əməkdar məşqçi Kamil Fərzəliyev göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Sonra xatirə şəkili çəkdirildi.

Qeyd edək ki, kompleksin müasir standartlara cavab verən futbol meydançasında keçiriləcək yarışları tribunalardan 1900-ə qədər tamaşaçı izləyə biləcək. Burada mini futbol meydançaları da idmançıların ixtiyarına verilib. Kompleks, həmçinin qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri ilə təchiz olunub. Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, istirahət guşələri yaradılıb.

***

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun göstəriciləri barədə məlumat verib.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların rifahının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olduğunu nümayiş etdirir. Belə layihələrdən biri də Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun tikintisidir.

Məlumat verildi ki, bu yol 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 14,6 milyon manat ayrılıb. Uzunluğu 20,5 kilometr olan yolun hərəkət hissəsinin eni 6-14 metrdir. İki və dörd hərəkət zolaqlı yol yüksək keyfiyyətlə tikilib. Yol boyunca üç avtobus dayanacağı, suötürücü borular, 78 yol nişanı və göstərici lövhələr quraşdırılıb. Uzunluğu 73 min metr olan yol cizgi xətləri çəkilib, dörd körpü əsaslı təmir edilib.

Prezident İlham Əliyevə Beyləqan rayonunun Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun yenidən qurulması layihəsi barədə də məlumat verildi. Bildirildi ki, dördüncü texniki dərəcəli yolun ümumi uzunluğu 39,4 kilometrdir. İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni altı metrdir.

İyirmi iki min nəfər əhalinin yaşadığı səkkiz yaşayış məntəqəsini birləşdirən yolun təmiri yük və sərnişin daşınmasının daha da yaxşılaşdırılmasına imkan verəcək.

Dövlətimizin başçısı Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.

Ölkəmizdə yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas amillərindəndir. Son illər Prezident İlham Əliyevin birbaşa tapşırıq və sərəncamlarına əsasən yolların müasir səviyyədə yenilənməsi işinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa müddətdə və yüksək keyfiyyətlə icra olunur.

***

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfərə gedib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayonda görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

www.yenicag.az

3555
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM