“İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə Azərbaycan bayrağını ucaltmaqla, həm Ulu Öndərin vəsiyyətini yerinə yetirdi, həm də tarixdə silinməz izlər qoydu”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi şəhərinə tarixi səfərinin əhəmiyyətini dəyərləndirən Milli Məclisin deputatı Musa Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Xankəndi səfəri tarixi əhəmiyyət daşıyan çox mühüm hadisə idi:
“Bu gün Azərbaycan bayrağı dalğalanmayan bir qarış torpağımız yoxdur. Azərbaycanın bu tarixi uğura aparan yol heç də asan olmadı. Prezident İlham Əliyevin Qarabağın işğaldan azad olunmasına həsr etdiyi məqsədyönlü fəaliyyətin nəticəsini bütün Azərbaycan xalqı gördü və böyük qələbənin sevincini yaşadı.
İlham Əliyev bu illər ərzində Azərbaycanın dövlətçiliyini möhkəmləndirdi, ordu quruculuğunu uğurla həyata keçirdi və ölkənin iqtisadi qüdrətini inanılmaz dərəcədə artırdı. Oktyabrın 15-i İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə Azərbaycan bayrağını ucaltmaqla, həm Ulu Öndərin vəsiyyətini yerinə yetirdi, həm tarixə silinməz izlər qoydu, həm də ilk dəfə prezident seçilməsinin 20-ci ildönümündə Azərbaycan xalqını sevindirdi. Bir sözlə, hazırda Azərbaycan xalqı ən xoşbəxt günlərini yaşayır.
İlham Əliyev Xankəndidəki çıxışı zamanı çox vacib məqamlara toxunaraq beynəlxalq ictimaiyyətə mühüm mesajlar ötürdü. Prezident bir daha vurğuladı ki, Qarabağda azərbaycanlılarla birgə yaşamaq istəyən ermənilərə lazımi şərait yaradılacaq və onlar digər vətəndaşlarımızla eyni hüquqlara malik olacaqlar. Bu isə bütün dünyaya Azərbaycanın etnik təmizləmə siyasəti həyata keçirmədiyinin, mülki əhaliyə qarşı heç bir təzyiq göstərmədiyinin nümayişi idi.
“Azərbaycan Xankəndidə bayraq qaldırmaq istəyirsə, gəlsin səfirlik açsın”, – deyib rişxənd edən, “Bakıda çay içəcəyik, tanklarımız Bakı küçələrində olacaq”, – deyən separatçı rejim rəhbərlərinin hədsizliyinə toxunan İlham Əliyev “Bəli, onlar haqlı idilər, Bakıdadırlar, hazırda çay içirlər, lakin istintaq təcridxanasında. Bəli, tankları da Bakıdadır, ancaq “Qənimətlər Parkında”, – deyərək lazımi mesajları hər kəsə çatdırdı”.
Nəsimi Ələsgərli
www.yenicag.az