Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Prezidentliyə namizədlərin çıxışı diplomatik qalmaqal yarada bilər?

Reklam: Sinerji Pro

“11 aprel – növbədənkənar prezident seçkiləri”ndə qeydə alınan namizədlərin çıxışında bəzi xarici dövlətlər təhqir olunurlar.

Yenicag.az xəbər verir ki, prezidentliyə namizədlərin iştirakı ilə İctimai Televiziyada (İTV) ötən gün keçirilən debatda çıxış edən Araz Əlizadə xarici qüvvələrə güvənməyin əleyhinə çıxaraq, onlara lənət yağdırıb:

“Lənət olsun Rusiyaya, lənət olsun NATO-ya, lənət olsun NATO ölkələrinə. Azərbaycan öz məsələlərini özü həll etməlidir”.

Əlizadə bundan əvvəl də cəmiyyətdə kəskin etirazlara səbəb olan fikirlər səsləndirib. Lakin o, bu dəfə prezidentliyə namizəd olaraq, Rusiyanı və dünyanın əsas hərbi-siyasi gücü olan NATO-nu açıq şəkildə təhqir edib. Əlizadənin mövcud statusunu nəzərə aldıqda, onun işlətdiyi məlum ifadələrin diplomatik gərginliyə səbəb olub-olmayacağı maraq doğurur.

Bu barədə Yenicag.az-a danışan politoloq Elxan Şahinoğlunun fikrincə, prezidentliyə namizədlərin teledebatında xarici ölkələrin ünvanına səsləndirilən fikirlərin rezonans doğurması gözlənilmir:

“İnanmıram ki, adını çəkdiyiniz namizədin o fikirlərinə görə, hər hansı səviyyədə diplomatik qalmaqal yaransın. Ümumiyyətlə, bütün ölkələrdə prezident seçkilərində namizəd olan bu və ya digər siyasətçilər o cür gurultulu bəyanatlar verirlər.

Bu taktika ABŞ-da da istisna deyil. Orada da bəzi namizədlər bəyan edirdilər ki, müsəlmanların, yaxud da qaradərililərin prezident seçilməsinə imkan vermək olmaz, ancaq yarımüsəlman və qaradərili olan Barak Obama iki dönəm ABŞ prezidenti seçildi. Yəni bu fikirləri ciddiyə almağa ehtiyac yoxdur.

Azərbaycandakı seçki prosesini Qərbdə də izləyir və namizədlərin kim olduğunu yaxşı bilirlər. Onlara da məlumdur ki, NATO-nu və ya hansısa ölkəni lənətləyən namizədin seçilmək imkanı yoxdur və o, çox cüzi miqdarda səs toplayacaq. Ona görə də belə bəyanatlara əhəmiyyət vermirlər.

Yox, əgər həmin namizədin seçilmək şansı yüksək olsaydı, o halda narahatlıqlarını mütləq ifadə edərdilər. İndiki halda isə narahatlıq doğuran heç nə yoxdur”.

A. Zeynalov

www.yenicag.az

1009
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS