Rusiya indi də Finlandiyaya GÖZÜNÜ DİKDİ – Kreml şimalda ikinci cəbhəni AÇACAQ?
“Ötən ay Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, NATO-nun Finlandiyada hərbi infrastruktur yerləşdirməsinə Rusiya adekvat cavab verəcək. Bu baxımdan, Finlandiya sərhədində əlavə çadırların qurulması, anbarların tikilməsi və qırıcılar üçün örtülü yerlərin hazırlanması NATO-nun Finlandiyadakı hərəkətlərinə cavab kimi qiymətləndirilməlidir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
Siyasi təhlilçi Rusiya və Finlandiya arasında yaranan gərginliyin siyasi səbəblərini izah edib.
Onun sözlərinə görə, bununla belə, Rusiyanın ikinci cəbhə açmaq və müəyyən qüvvələri Ukraynadan yayındıraraq Finlandiya sərhədinə yerləşdirmək imkanı yoxdur:
“Onsuz da Ukrayna cəbhəsində vəziyyət Rusiyanın arzuladığı kimi deyil. Baxmayaraq ki, 2022-ci ilin yazından bu yana, yəni son üç ildə Rusiya heç vaxt Ukrayna cəbhəsində bu qədər sürətlə irəliləməyib. Hazırda demək olar ki, hər gün 35-40 kvadrat kilometr Ukrayna ərazisi işğal olunur. Bu günə qədər ən yüksək rəqəm isə 26 kvadrat kilometr olub. Yəni əvvəlki dövrlərlə müqayisədə may ayı ərzində Rusiya cəbhədə daha sürətli irəliləyir və prosesi qısa müddətdə yekunlaşdırmağa çalışır. Çünki Moskva anlayır ki, bu müharibəni uzatmaq imkanları getdikcə azalır. Əslində, bu qədər vaxt uzada biləcəyi də əvvəlcədən gözlənilmirdi. Çünki Donald Tramp bu məsələdə kəskin mövqe ortaya qoymuşdu və qısa müddətdə sülhə, ən azı atəşkəs sazişinə razı olunmasını tələb edirdi. Rusiya isə bu prosesi indiyə qədər kifayət qədər uzatmağa nail olub. Təxminən 1500 kvadrat kilometrə yaxın ərazi işğal olunub. Təbii ki, Kreml bundan daha artığını istəyir”.
Müsahibimiz əlavə edib ki, İstanbul danışıqları zamanı Rusiyanın əsas tələbi ondan ibarət idi ki, Ukrayna Rusiyanın özününkü saydığı dörd vilayətin – Luqansk, Donetsk, Zaporojye və Xersonun ərazisindən tamamilə çıxsın:
“Lakin Ukrayna bu tələbi qəbul etmədi. İndi Rusiya hücumları daha da sürətləndirib təzyiqi artırmaq və Ukraynanı öz tələblərini qəbul etməyə məcbur etmək istəyir. Məqsəd budur ki, əgər xoşluqla qəbul etmirsə, hərbi güclə bunu qəbul etdirməyə çalışsın. Belə bir vəziyyətdə Finlandiya sərhədinə hərbi qüvvə və texnika yerləşdirmək, əslində, ağılsızlıq sayıla bilər. Lakin NATO-ya cavab vermək zərurəti səbəbilə orada müəyyən çadırlar qurulur, anbarlar tikilir, qırıcı təyyarələr üçün örtülü yerlər inşa edilir. Bu, Finlandiyanı və NATO rəhbərliyini mümkün addımlardan çəkindirmək məqsədi daşıyır. Rusiya bu addımlardan artıq heç nə edə bilməz və etməyəcək də. Kreml üçün əsas hədəf Ukrayna ilə müharibəni öz şərtləri ilə başa çatdırmaqdır və hazırda bu məqsədə kifayət qədər yaxınlaşıb. Tramp da demək olar ki, Putinin mövqeyinə yaxın mövqe tutur. Bu gün baş tutacaq telefon danışığının da bir çox məsələlərin aydınlaşdırılmasına imkan verəcəyi gözlənilir”.
Nəsimi Ələsgərli